455 kilometr yolu 5 saat 36 dəqiqəyə qət edən SÜRƏTLİ QATARIN YAŞATDIĞI SEVİNC...

Ötən gün ölkədə bayram bayrama qarışmışdı desək yanılmarıq. Paytaxt və bölgələrdə 15 iyun Milli Qurtuluş Gününün qeyd edildiyi bir vaxtda Azərbaycan Dəmir Yolları da öz sərnişinlərini sevindirdi. Belə ki, həmin gün daha bir tarixi an yaşanaraq Bakıdan Qazaxa ilk dəfə yeni sürətli qatar yola düşdü.
BAKU.WS xəbər verir ki, Bakı-Qazax sürətli sərnişin qatarının ilk sərnişinləri vətəndaşlarımızla yanaşı, media və mətbuat nümayəndələri, o cümlədən Azərbaycan Dəmir Yolları rəsmiləri oldu.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında Bakı-Qazax-Bakı dəmir yolu marşrutunun bərpasının Qazax rayonunun inkişafına müsbət təsir göstərəcəyini bildirib:
"Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla da Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək. 2019-cu ilə qədər Qazax istiqamətində hərəkət edən qatarlar yataq tipli qatarlar idi. İndiki qatarlar isə oturacaq tiplidir. Qatarlar gündə iki dəfə - səhər və axşam hərəkət edəcəklər. Bu sürət qatarının da istismara verilməsindən sonra ADY 10 minə yaxın daha çox sərnişin daşıyacaq".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə yeni sürətli qatarın rayonda yeni iqtisadi aktivliyə səbəb olacağını vurğulayıb:
"Ümumi olaraq dəmir yolu daşımaları komfortlu və sürətlidir. Hər yeni məntəqənin əlavə olunması yeni fürsətlər yaradır və yeni iqtisadi aktivliyə səbəb olur. Düşünürəm ki, ümumi olaraq bu hadisə regionlararası inteqrasiyaya da müsbət təsir edəcək".

İsveçrənin "Stadler Rail" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarda sərnişinləri rahatlığı və təhlükəsizliyi tam şəkildə təmin edilib.


Müasir texnologiyalarla təchiz olunan nəqliyyat vasitəsi ekoloji baxımdan da yüksək standartlarına cavab verir.


Bütün bunlar qatarın ilk sərnişinlərində xoş emosiyalar yaradıb. Onların saytımıza verdiyi səmimi açıqlamalar bunu bir daha sübut edir.

Sərnişin Ozal Feyzili BAKU.WS-ə açıqlamasında yeni sürətli qatarların ölkəmizin turizm potensialını genişləndirəcəyinə diqqət çəkib:
"Biz ölkəmizin nəqliyyat fəaliyyətində mühüm və əlamətdar bir hadisənin - yeni Bakı-Qazax-Bakı sürətli qatarın istifadəyə verilməsinin şahidi oluruq. Bu mühüm layihə dövlətimizin iqtisadi inkişaf strategiyasına, regionların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Yeni sürətli qatar ilə səyahət müddəti xeyli qısalacaq, insanlar daha rahat, təhlükəsiz və komfortlu şəraitdə öz ünvanlarına çatacaqlar. Bu layihə təkcə vətəndaşlarımızın gündəlik həyatını asanlaşdırmaqla kifayətlənməyəcək, həm də ölkəmizin turizm potensialını genişləndirəcək, yeni iqtisadi imkanların yaranmasına zəmin yaradacaq".
Bələdçilər də yeni sürətli qatardan ilk dəfə istifadə edən sərnişinlər qədər həyəcanlı və sevincli idi.

İlkin təəssüratlarını BAKU.WS mikrofonuna danışan bələdçi Lalə Zamanova vətəndaşlarımızın sürətli qatara marağının kifayət qədər böyük olduğunu vurğulayıb:
"Bu gün Bakı-Qazax-Bakı marşurutu üzrə sürətli qatar ilk dəfə Qazaxa yola düşür. Bu tarixi ana şahidlik etmək mənim üçün çox sevindirici və qürurverici haldır. "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni əməkdaşlarındanam. Hazırda bu qatarda xidmət etməkdən çox məmnunam. İlk gün olmasına baxmayaraq sürətli qatardan istifadə edən vətəndaşlarımız kifayət qədərdir. Belə olan halda biz də çalışırıq ki, xidmətlərimizlə sərnişimlərimizi məmnun edək".

Yeni sürətli qatarın sərnişinləri arasında müxtəlif yaş kateqoriyalarına aid vətəndaşlarımız yer alıb. Qatarın kiçik sərnişin, 6 yaşlı Fəmilə Rüstəmli də saytımızla öz sevincini bölüşüb. O bu hadisəyə görə xoş hisslər keçirdiyini deyib:
"Mən şagirdəm, qatardan həmişə istifadə edirəm, lakin bu dəfə Bakı-Qazax-Bakı sürətli qatardan ilk dəfədir ki, istifadə edirəm. Anamla birlikdə Gəncəyə gedirik. Bu sürətli qatardır deyə əvvəlki vaxtdan tez çatacağıq. Buna görə də çox sevinirəm".

Murad Muradov da yeni qatarla sərnişinlərin ünvana daha asan və daha qısa müddətdə çata biləcəyini qeyd edib:
"Mən ilk dəfədir ki, Gəncəyə işlə bağlı deyil, istirahət üçün gedirəm. Ona görə də ilk dəfədir Bakı-Qazax-Bakı sürətli qatardan istifadə edirəm. Çox sevindirici haldır. Bu qatarla istədiyimiz ünvana tez çata biləcəyik. Mən əsasən xaricdə daha çox qatardan istifadə edirəm. Lakin indi öz ölkəmizdə də istifadə edəcəm. Bu layihəni həyata keçirənlərə minnətdarlığmı bildirirəm".

Sürətli qatarla Bakıdan Qazaxa yola düşən sərnişinlər qədər əks istiqamətdə səfər edən sərnişinlər də bu tarixi hadisədən məmnun idilər.

Qazaxdan Bakıya yola düşən sərnişin Elmir Çobanov bu anı çoxdandı gözlədiyini vurğulayıb:
"Çox sevincliyik ki, Qazaxdan Bakıya da sürətli qatar fəaliyyətini bərpa etdi. Uzun müddət idi biz bu anı gözləyirdik. Artıq bizə də burdan istədiyimiz yerə rahat getmək qismət oldu. Hazırda Bakıya gedirəm. Mən hər ay demək olar ki, davamlı şəkildə qatardan istifadə edirəm. Bu sürətli qatarın təmizliyi, rahatlığı və bizə göstərilən xidmət təqdirəlayiqdir. Mən buna görə Azərbaycan Dəmir Yollarına təşəkkür edirəm".

Qazaxdan Bakıya səfər edən digər sərnişin Hüseyn Qurbanov isə sürətli qatarın həm rahatlığından, həm də vaxta xeyli qənatindən danışıb:
"Mən mütəmadi olaraq qatardan istifadə edirəm. Qatara həmişə Ağstafa rayonundan minirdim. Qazaxın kəndindən ora getmək çətin olurdu, yol uzaq idi. Lakin indi vaxta qənaət edə biləcəyik. Yeni sürətli qatarın komfortu, dizaynı isə çox gözəldir".

Müasir tələblərə cavab verən sürətli qatar, bələdçilərin xoş, gülərüz, yüksək xidməti və simasında sevinc hissi yaranan vətəndaşlarımızın məmnuniyyəti... Nəticənin belə olması biz media və mətbuat nümayəndələrini də sevindirir.


Azərbaycan Dəmir Yollarının yeni sürətli qatarlarından istifadə edən bütün vətəndaşlarımıza uğurlu, təhlükəsiz yol arzu edirik!

Qalereya
Müxbir: Zöhrə Pənah
Fotoqraf: Təranə İbrahimova
Oxşar xəbərlər
Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?
"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə satıla b...