VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Kənd toyuğu almaq üçün yaxın marketlərdən birinə getdim. Satıcı qətiyyətlə toyuğun kənd toyuğu olduğunu bildirdi. İlk təəsüratda elə olsa da, evə gətirib bişirdikdən sonra fərqli mənzərə ilə qarşılaşdım".
                                                    
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində Səkinə Məmmədova söyləyib. Səkinə xanım deyir ki, birinci dəfədir ki, bu cür halla qarşılaşır. Şikayətçi yeməyi bişirərkən gözlərinə inanmadığını və toyuqdan qəribə qoxu gəldiyini söyləyib: "Qazan saraldı və çox pis qoxular gəlməyə başladı. Yaxşı ki, bunu əvvəldən gördüm. Əgər yeməyi yesəydik zəhərlənə bilərdik”, - deyə Səkinə xanım bildirib.

Redaksiyamıza daxil olan şikayətə əsasən məsələni araşdırmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Huseynov ilə əlaqə saxladıq. Mütəxəssis BAKU.WS- ə açıqlamasında bildirib ki, toyuqların üstünə vurulan "tartrazin” maddəsi insan sağlamlığı və ətraf mühit üçün olduqca təhlükəlidir: "İnsan orqanizmində əks təsiri ilkin olaraq  zəhərlənmə ilə müşahidə olunur. Daha sonra isə zəifləmə, oynaqlarda ağrı və mədə-bağırsaq xəstəliklərinə səbəb olur".
 

 

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat katibi Fazil Talıblı isə BAKU.WS-ə açıqlamasında bu məsələyə münasibət bildirib. Komitə rəsmisi bir müddət öncə də Hövsanda standartlara uyğun olmayan toyuq əti istehsal edən müəssisələr aşkar edildiyini xatırladıb: "Hələ o zaman bu qanun pozuntusunun qarşısı alınmış və həmin müəssisələrin fəaliyyəti dayandırılmışdı. Təəssüf ki, bu gün də bu cür müəssələr hələ də var, onlar ünvanların dəyişərək, Bakının digər rayon və kəndlərində öz əməllərini davam etdirirlər. Bu cür müəssisələr çox vaxt qanunsuz fəaliyyət göstərir və bu, qeyri-qanuni sahibkarlıq, həmçinin, cinayət  sayılır. Biz rayon İcra Hakimiyyətlərindən, polis əməkdaşlarından və ən əsası alıcılardan bizə kömək etmələrini xahiş edirik. Bu işbazlar fərdi həyət evlərində gizli şəkildə fəaliyyət göstərdikləri üçün onların yerini aşkar etmək çətindir".

 

F.Talıblı alıcılara müraciət edərək bildirib ki, məhsulların keyfiyyət sertifikatına, mənşəyinə və standarta uyğunluğuna diqqət etmək lazımdır. Komitə rəsmisinin sözlərinə görə, vətəndaşlar hər hansı nöqsan aşkar etdikdə SMPDK-nin "qaynar xətti”nə (963) müraciət etsinlər.

Qeyd edək ki, toyuqlara vurulan bu "tartrazin” adlanan bu kimyəvi maddənin qida məhsullarında istifadəsinə bir sıra Avropa ölkələrində qadağa qoyulub. Bu maddə insanlarda həm də alergiya və kəskin dəri xəstəliklərinə səbəb olur. 

ŞAHİN Həbibov 
Ayşən Ayxan