Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz “Facebook” səhifəsində son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Ə.Hüseynov sürücülərin sükan arxasında "Su içmək qadağandır", "Siqaret çəkmək qadağandır", "Danışmaq qadağandır", "Yemək qadağandır" kimi söhbətlər olmadığını deyib. 

Son iki gündə bəzi adamların fincanda yaratdığı fırtına illərdir vurğuladığım bu söhbəti bir daha təsdiqlədi: Bu ölkədə əksəriyyət - adi vətəndaşların da, polis əməkdaşlarının da xeylisi yol hərəkəti qaydalarını pozulacağı təqdirdə cərimə yazmaq üçün nəzərdə tutulan bir şey hesab edir. Ona görə də bu gündəyik.  Ay camaat, yol hərəkəti qaydalarının çox bəsit bir fəlsəfi təyinatı var: yollarda təhlükəsiz hərəkəti təmin etmək. Orada yazılanların da hamısı bunun üçündür. "Su içmək qadağandır", "Siqaret çəkmək qadağandır", "Danışmaq qadağandır", "Yemək qadağandır" kimi söhbətlər yoxdur. Bunlara görə cərimə də yoxdur, mümkün də deyil.

Qaydaların aydın tələbi budur: hərəkət vaxtı yola və hərəkət şəraitinə nəzarət et, diqqətini yayındırma. Sərxoşsansa, sürmə, xəstələnmisənsə, sürmə, çünki sənin idarə etdiyin əşya hər an insanları, onların əmlakını məhv edə bilər. Bu tələblərə riayət etməsən, ölə və ya öldürə bilərsən. Bu tələblərə riayət etməyib sadəcə qaydaları pozsan (nişanın tələbini, svetoforun siqnalını, yolayrıcını keçmə qaydasını və s.), onda cərimələnəcəksən. Çünki belə sadə qayda pozuntuları da potensial olaraq hər an təhlükəlidir.

Ən başlıcası isə odur ki, heç bir yeni qayda və ya cərimə yoxdur. Danışılanlar ən azı 50 ildir ki var.

Hərəkət vaxtı diqqəti yayındıran söhbətdə iştirak etməyə görə məsuliyyətə cəlb etmə təcrübəsi isə sıfıra bərabərdir, bundan sonra da sıfır olacaq. Çünki: 1) bunu qeydə almaq mükün deyil; 2) söhbətin xarakterini (diqqəti yayındıran olmasını) müəyyən etməyin heç bir meyarı yoxdur. Ona görə də sükan arxasında şirin söhbət də etmək olar, işgüzar müzakirə də aparmaq olar, nağıl da danışmaq olar. Heç bir problem yoxdur.

Sadəcə diqqətli olmaq, qaydalara hər yerdə və hər vaxt riayət etmək lazımdır.

Qeyd edək ki, Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini maşından kənara atmaq, musiqiyə səs verib maşının şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək. 

Tuncay
BAKU.WS