"Mobil operator günlərdir telefonuma aidiyyəti olmayan mesajlar göndərirdi. İndi bu da azmış kimi zəng etməyə başlayıblar. Robot sistemlə gələn zəng mənə "Zəngimcell" kimi xidmətlər təklif edir. Mən başa düşə bilmirəm ki, buna nə ehtiyac var".
 
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Günel Məmmədova söyləyib. Xanım bildirir ki, sistemi elə quraşdırıblar ki, günün istənilən vaxtı zəng gələ bilər. Artıq mesaj və zəng kampaniyalarından bezdiyini deyən Günel şirkəti məhkəməyə verəcəyini söyləyib. 
 

  

Təəssüf ki, bu gün Günel kimi mobil operatorların kampaniyalarından təngə gələnlərin sayı heç də az deyil. Bəs bu problemin həll yolu nədir? Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar abunəçilərinə istədiyi zaman zəng edə və ya mesaj göndərə bilərmi? BAKU.WS bu suallara cavab tapmaq üçün kiçik bir araşdırma aparıb.
 
Məlum olub ki, müştərilərə "Zəngimcell" xidmətini "Azercell" deyil, onun tərəfdaşı olan "Novamedia MMC" təklif edir. Yəni, mobil operator bu şirkətlə müqavilə imzalayıb və kontent provayder "Azercell" müştərilərinə xidmətlərini təklif etməyə başlayıb. Bu faktı BAKU.WS-in əməkdaşı ilə söhbətində "Azercell" müştəri xidmətlərindən də təsdiq ediblər. 
 
"Əgər sizin nömrəniz bu xidmətə qoşulubsa, "Novamedia MMC"-yə müraciət edərək zənglərin dayandırılması barədə xahiş edə bilərsiniz. Yox əgər zəng etmək istəmirsinizsə, biz sizin nömrənizi "Qara siyahı"ya salarıq və onlar sizə zəng etməz", - deyə "Azercell"-dən bildirilib.      
 
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BAKU.WS-ə açıqlamasında bildirib ki, əslində mobil operator öz xidmətləri və şirkəti haqqında müqavilədə şərtlər qoyur. Ancaq mobil operatorlar bu barədə müştəri məlumatlandırılmır.
 
"Mobil operator əgər öz şirkəti və xidmətləri haqqında məlumatlar verirsə, bu zaman hər şey qanun çərçivəsindədir. Yox əgər başqa kontent provayder və ya şirkətlə müqavilə bağlayaraq müştərilərə reklam mesajları göndərilirsə, bu qanun pozuntusudur. Mobil operator yalnız özü və xidmətləri barədə müştərisinə mesaj göndərə bilər. "Reklam haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla vətəndaşların hüquqları qorunur. Abunəçi mobil telefonuna başqa şirkətlərdən reklam mesajları gəldiyi zaman məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər".
 
Osman Gündüz deyir ki, mobil operator heç öz xidmətlərini də günün istənilən vaxtı abunəçiyə göndərə bilməz. Elə edilməlidi ki, müştəri bu reklamlara maraqlı olsun: "Mobil operator deyə bilər ki, mən müqavilədə qeyd etmişəm və müştəri qol çəkib. Xeyir, bunu əsas gətirərək abunəçini gecə vaxtı narahat etmək düzgün deyil. İstənilən halda müştərinin maraqları nəzərə alınmalıdır", - deyə mütəxəssis bildirib. 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bir müddət öncə mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi faktı ilə bağlı xəbərdarlıq etmişdi. Mobil operatorları diqqətli olmağa çağıran nazirlik qanun pozuntusuna yol verən şirkətlərin cəzalanacağını bildirib. 
 
ŞAHİN Həbibov 
BAKU.WS