VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Bu barədə BAKU.WS-ə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:

“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə, eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.

Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”.

Araz Əsgərli onu da qeyd edib ki, əsas hədəf kimi şəhərlərarası daşımaları Bakı Beynəlxalq Avtovağzalına yönəltmək və bu işi mərkəzləşdirilmiş qaydada təmin etməkdir.

BAKU.WS