SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq 17 ildir ki iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

BAKU.WS xəbər verir ki, mülki aviasiya işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə təsdiq edilib. 

Azərbaycan mülki aviasiyasının tarixini bir neçə mərhələyə bölmək olar. İlk mərhələdə Bakıdan Moskva, Xarkov, Tbilisi, Həştərxan şəhərlərinə hava xətləri açılıb, sərnişinlərin və poçtun təyyarə ilə daşınmasının təməli qoyulub.

Böyük Vətən müharibəsi dövründə bir çox sahələr kimi, mülki aviasiya sahəsi də “Hər şey cəbhə üçün!” şüarı ilə fəaliyyət göstərib. Müharibədən sonrakı illərdə mülki aviasiya yeni mərhələyə qədəm qoyub. Belə ki, “İL-14”, “İL-18” sərnişin təyyarələri, xüsusi təyinatlı aviasiya üçün “An-2” təyyarələri, “Mi-1” və “Mi-4” vertolyotları istismara daxil olub. Bu dövr 1970-ci illərə qədər davam edib.

Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Lakin hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülmüşdür. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Ölkəmizdə ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.

Məhz 1938-ci il iyunun 2-də ilk aviasiya qrupumuzun yaradılması ilə Azərbaycanda mülki aviasiyanın təməli qoyulub.

Ölkəmizdə mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimləməsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. Qurum mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir.

Agentlik öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq qurur, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə ölkəmizin mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir.

Eyni zamanda, qurum Azərbaycanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, “Azərbaycan Hava Yolları” QSC (AZAL) mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları”nın və onun tabeliyindəki aşağıbüdcəli “Buta Airways”in təyyarə parkında bu gün yetərincə “Airbus”, “Boeing”, “Embraer” kimi ən müasir avialaynerlər var. Bu tipli təyyarələrlə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşlar həyata keçirmək mümkündür. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, həm də Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. “Azərbaycan Hava Yolları”nın ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Nəhəng aviaşirkətə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir.

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Şərqlə-Qərbin qovuşuğunda yerləşən respublikamızda hava nəqliyyatının xüsusi önəmi var. Dünya hava nəqliyyatına uğurla inteqrasiya edən müasir müstəqil Azərbaycanın aviasiyası inkişafının yeni dövrünü yaşamaqdadır.

BAKU.WS