VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tıxac probleminin həlli istiqamətində tramvay və trolleybus yollarının çəkilməsi çıxış yolu kimi təklif olunur. Bu barədə zaman-zaman mətbuatda məlumatlar getsə də yekun qərar hələ ki açıqlanmayıb.

BAKU.WS-in məlumatına görə, Bakının yeni hazırlanan Baş Planında şəhər ərazisində tramvay xətlərinin olması nəzərdə tutulub.

2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur. Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər.

Gələcəkdə Bakıda tramvay xətlərinin fəaliyyət göstərəcəyini nəzərə alsaq, bu yolların hansı əraziləri əhatə edəcəyi maraq doğurur. Bu məqsədlə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərova müraciət etdik və ondan şəhərin hansı istiqamətlərində tramvay yollarının çəkilməsinin məqbul olmasını soruşduq. 

Ekspret BAKU.WS-ə açıqlamasında bildirdi ki, tramvay yollarının əsasən dəniz limanı, Bakı avtovağzalı, dəmiryol vağzalı istiqamətlərində çəkilməsi daha məqbul olardı: "Bununla yanaşı şəhər mərkəzinə üstünlük vermək əvəzinə, şəhərətrafı ərazilərə tramvay yollarının çəkilməsi məqsədəuyğun olardı. Şəhərin mərkəzində onsuz da belə bir şərait qalmayıb. Küçələr tamamilə daralıb. Burada tramvay yolunun çəkilməsi dekarativ xarakter daşıya bilər. Sadəcə turistlərin şəkil çəkdirməsi və əyləncə xarakterli olacaqsa, buna ümmiyyətlə ehtiyac yoxdur.

Lakin xətlərin səmərəli, rentabelli olması və ictimai nəqliyyat olaraq bu yükü çəkə bilməsi üçün Əhmədli, Biləcəri, Badamdar istiqamətlərində tramvay yolların çəkilməsi gərəkdir.

Tramvay yollarının çəkilməsi iqtisadi baxımdan da uğurlu ola bilər. Bunun üçün həmin yolların dekarativ xarakter daşımaması lazımdır. Trolleybus xətlərinə gəldikdə isə onu deyə bilərəm ki, keçmişdə elektriklə çalışan nəqliyyat vasitələri olmadığı üçün trolleybus xətləri çəkilirdi. Fikrimcə, bu gün buna ehtiyac yoxdur. Çünki elektroavtobuslar ölkəmizdə də yavaş-yavaş var. Eyni zamanda sıxılmış qazla işləyən avtobuslar varsa, trolleybusa ehtiyac qalmır. Bu xətlərin çəkilməsi böyük xərc apacaq. Üstəlik trolleybusların tıxaclarda qalmaq riski də var.

Lakin tramvaylar rels üzərində məaneəsiz hərəkət edir. Onun qarşısını almaq mümkün deyil. Buna görə Bakıda tramvayların olması şəhər sakinləri və qonaqlarının bir ünvandan digərinə maneəsiz və rahat getməsi ilə nəticələnə bilər".

Orxan Hüseyn
BAKU.WS