SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda dövlət poliklinikalarında sağlamlıq haqqında arayış üçün 40 manat tələb olunur.

BAKU.WS vətəndaşlardan tələb olunan 40 manat rüsumun nə dərəcədə qanuni olmasını araşdırıb.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olarab bildirildi ki, vətəndaşlara həm ödənişli, həm də ödənişsiz arayış verilir:

"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan arayışlar var. Bu arayışların alınması ödənişsizdir:

  • 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi barədə arayış
  • Hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayış

Xidmətlər Zərfinə daxil olmayan və ödənişli arayışlar isə bunlardır:

  • Sürücülüyə yararlı olmaq barədə arayış - 40 manat (ƏDV daxil)
  • Sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış və digər arayışlar - 40 manat (ƏDV daxil)

Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tariflərinin müəyyənləşməsi TƏBİB-ə həvalə olunub".

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov isə BAKU.WS-ə deyib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən olunur:

"Hazırda 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi, hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar, eləcə də, obliqat qruplara, (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlara) arayışlar ödənişsiz təqdim edilir.

Qanunvericiliyə uyğun olaraq, sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayışlar üçün rüsum 34 manat müəyyən olunub. Buraya əlavə dəyər vergisi də hesablandığından təxminən 40 manat civarında məbləğ formalaşır. Çünki tibb müəssisələri əlavə dəyər vergisi ödəyicisidir. Bununla yanaşı, bəzi hallarda, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin (məsələn, psixoloq, narkoloq) müayinəsi tələb olunur. Bu zaman məbləğ müayinələrdən asılı olaraq dəyişə bilər".

Orxan Hüseyn
BAKU.WS