12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq AQTA əhalini diqqətli olmağa çağırır.

"Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar AQTA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb", - məlumatda qeyd olunub.

Aşkar olunmuş saxta alkoqollu içkilərlə bağlı məlumat aşağıdakı kimidir:

Adətən, belə məhsulların qablaşdırılmasında və markalanmasında uyğunsuzluqlar müəyyən edilir, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim olunmur.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilərlər. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər. Əhalidən xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.

BAKU.WS