VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən bir ay sonra 2023-cü il Azərbaycana qədəm qoyacaq. Əvvəllər Yeni ili qarşılamaq və istirahəti yadda qalan etmək üçün bəzi vətəndaşlar daha çox xarici ölkələrə üz tuturdular. Hazırda isə pandemiya səbəbilə qonşu ölkələrlə quru sərhədlərin bağlı olması avişirkətlərin həyata keçirdiyi avireyslərdə yüklülük yaradır, bunun nəticəsində də bilet qiymətləri artır. Nəzərə alsaq ki, Azərbaycan hüdudlarından kənara çıxan tur paketlərin əsasını aviabiletlər təşkil edir, bu da öz növbəsində turpaketlərin qiymətini daha da baha edir. Bu səbəblə də yerli əhalinin böyük əksəriyyəti Yeni ili qarşılamaq üçün bölgələrə üz tutur. Onlar istirahət mərkəzlərində ya tək ya da ailəvi şəkildə yerlər rezervasiya etdirirlər. Bəs görəsən bölgələrimizdəki bayram istirahəti neçəyə başa gəlir, təklif edilən tur paketlər hər cibə uyğundurmu?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turizm Üzrə Komitəsinin Sədri Cəmilə Əliyeva rayonlarda otellərdə hər büdcəyə uyğun səyahətin mövcudluğunu vurğulayıb. Qurum rəsmisinin sözlərinə görə, hazırda bayramla əlaqədar region otellərində, demək olar ki, rezervasiya edilməyən yer qalmayıb:

"2023-cü ili qarşılamaq üçün Azərbaycanın region otellərində zəngin proqramlar nəzərədə tutulub. İnsanlar qarı daha çox sevdiyi üçün Quba-Qusar rayonları, Şahdağ və Tufandağ qış kompleklərinə üz tuturlar. Onu bildirmək istərdim ki, hazırda bu otellərdəki otaqlar bitib, yer yoxdur. Statistikaya əsasən, yerlərin 99%-i daha çox yerli qonaqlar tərəfindən rezervasiya edilib və qiymətləri tamamilə ödənilib. Otellərin 31 dekabr bayram axşamı proqramına şam yeməyi, geniş konsert proqramı, çeşidli açıq bufelər daxildir. Bir sözlə, bayramı qeyd edə bilmək üçün hər bir ailə öz büdcəsinə uyğun otel seçə biləcək".

Cəmilə Əliyevanın sözlərinə görə, yerli otellərdə xüsusi üç gün iki gecəlik istirahət paketləri də təklif edilir. Bu paket bir nəfər üçün 1250-1300 AZN, iki nəfər üçün isə 2000-2500 AZN nəzərdə tutulub. 

Turizm üzrə ekspert Rəhman Quliyev isə BAKU.WS-ə açıqlaması zamanı ayrı-ayrı bölgələr üzrə otel və koteclərin qiymətlərindən danışıb. Onun sözlərinə görə, rayonlarda istirahət edənlər minimumum 80, maksimum isə 400 AZN-lərindən keçməlidirlər:

"Şimal bölgəsi yəni, Quba-Qusar bölgəsində 5 ulduzlu otellər adambaşına 250-350 AZN aralığındadır. Bura sadəcə səhər yeməyi daxildir. "Gala-dinner"in qiyməti əlavə hesablanır.

Şəki-Qax-Zaqatala-Oğuz bölgəsində 5 ulduzlu otellər adambaşına 150-250 AZN arasında dəyişir. Bura da səhər yeməyi daxildir. 4 ulduzlu otellərdə isə qiymət 100-200 AZN aralığındadır. 

Bu fəsildə əhali qar görmək üçün daha çox şimal bölgəsinə üz tutur. Buna baxmayraq yenə də Astara-Lənkəran-Lerik bölgəsindəki otellər də öz qonaqlarının qarşılamağa hazırdır. Bu regionda 5 ulduzlu otellər 150-200 AZN, 4 ulduzlu otelllər isə 80-100 AZN aralığındadır. 

Quba-Qusar ərazisində 5 ulduzlu otellərin bir ailə üçün nəzərdə tutulan kotecləri 300-400 AZN, 4 ulduzlu otellərin 2 yatağı olan koteclərinin qiyməti isə bir ailə üçün 200-250 AZN aralığında dəyişir".

Ekspertin sözlərinə görə, bu istirahət paketlərini qiymətləri sadəcə Yeni il bayramı ilə əlaqədardır. Bayramdan sonra qiymətlərdə azalmalar olacaq.

Rəhman Quliyev onu da qeyd edib ki, ötən illərlə müqayisədə bu il menyu və otel qiymətlərində 10% qiymət artımı mövcuddur.

Zöhrə Pənahi
BAKU.WS