SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 13-də Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Şair Heydərovun qız övladı dünyaya gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Bizim.Media-ya şəhidin atası, Qusarın Mucuq kənd sakini Camal Heydərov məlumat verib.

Onun sözlərinə görə, yeganə oğlunun körpəsi Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

Camal Heydərov qeyd edib ki, körpəyə atasının arzuladığı Yeganə adı verilib:

“Oğlum Şair şəhid olduğu gün mənimlə, anası və həyat yoldaşı ilə telefonla danışdı. Hamımıza tapşırdı ki, qızım olsa, adını Yeganə qoyun. Biz də Şairin arzusunu yerinə yetirdik. Elə bil, ürəyinə dammışdı ki, şəhid olacaq”.

Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Viktoriya Pirseyidova şəhid xanımının və körpənin vəziyyətinin stabil olduğunu bildirib.

Körpənin çəkisi 3,8 kiloqramdır və sağlamdır.

Qeyd edək ki, qusarlı hərbi qulluqçu Şair Heydərov Prezidentin sərəncamı ilə ölümündən sonra “3-cü dərəcəli Rəşadət Ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilib.

BAKU.WS