SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtda ictimai nəqliyyatın, o cümlədən də Bakı Metropoliteninin vətəndaş sıxlığı problemi uzun illərdir, müzakirə edilən, lakin real həlli hələ də tapılmayan problemlərdən biridir. 

BAKU.WS xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mediaya açıqlamasında metroda sərnişin hərəkətinin nəzarətə götürüləcəyi və vətəndaşların platformaya hissə-hissə buraxılacağını açıqlayıb.

Maraqlıdır, görəsən, metropoliten belə bir addım atarsa, bu mexanizm nə cür tənzimlənəcək? 

Sualın cavabını Bəxtiyar Məmmədovun özündən öyrəndik.

Mətbuat katibi BAKU.WS-ə bildirdi ki, Bakı Metropolitenində sıxlığı aradan qaldırmaq məqsədilə bir sıra tədbirlər görülür. Bunlar arasında ən son variant da sərnişinlərin platformaya hissə-hissə buraxılmasıdır:

"Belə olan halda qatarlara minik və platforma üzərində hərəkət sayı azalacaq. Vətəndaşlar metroya minən zaman alternativ girişlərdən istifadə etsə, yaxud da 28 May stansiyasına daxil olmaq üçün Cəfər Cabbarlı stansiyasından istifadə etsələr, sıxlıq bir qədər azalar. Bu halda vətəndaşlar təxmini 50 metr artıq yol qət edər. Bunun da qarşılığında metroya girişdə gözləməz".

B.Məmmədovun sözlərinə görə, belə təcrübələr dünyanın hər yerində istifadə edilir. Hətta biz bu təcrübəyə 2019-cu ildə müraciət emişik:

"Həmin il metroya hissə-hissə giriş təmin olundu. Bu da platformalarda sıxlığın azalmasına gətirib çıxardı. Metropolitenin əsas məqsədi vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Atılan addımlar da bu məqsədi yerinə yetirmək üçündür".

Məlumdur ki, metroya sərnişinlərin hissə-hissə daxil olmasına icazə verilsə, bu zaman elə girişlərdə sıxlıq yaşanacaq. Hər gün işə, məktəbə və s. yerlərə tələsən yüzlərlə sərnişinin də hərəkətinə maneə yarana bilər. Bu addımın ümumi ictimai nəqliyyata və sərnişindaşımaya göstərəcəyi təsirləri araşdırmaq məqsədilə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovla həmsöhbət olduq.

O bildirdi ki, Bakı Metropolitenində insanların hərəkətini tənzimləmək effektiv nəticə verməyəcək:

"Daha çox günün pik saatlarında metroda sıxlıq müşahidə olunur. Bu zaman da sərnişin axınını nəzarətə almaq çox çətin görünür. Ona görə də metroda sıxlığın aradan qaldırılması üçün başqa mühüm addımlar atılmalıdır".

Nəqliyyat eksperti onu da vurğuladı ki, Bakı metrosunun heç bir alternativi yoxdur. Metrodan geri qaytarılan vətəndaşı daşıya biləcək və vaxtında mənzilbaşına çatdıracaq alternativ yerüstü marşrut növü mövcud deyil.

BAKU.WS