VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq uzun müddətdir ki, Azərbaycanda sosial şəbəkələrdə müzakirə olunan ən aktual mövzulardan biri xarici ölkələrlə quru sərhədlərinin açılmasıdır.

Dünyanın əksər ölkələri koronavirus pandemiyasının səngiməsi ilə bağlı quru sərhədlərini xarici ölkə vətəndaşları üçün açıb.

Qonşu ölkələr - Türkiyə, Gürcüstan və Rusiya da bu prosesdən kənar qalmayıb. Azərbaycanda da quru sərhədlərinin açılması səbirsizliklə gözlənilir.

Martın 6-da Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi yumşaldılması barədə qərar verilib. Həmin tarixdən etibarən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti aradan qaldırılıb, toylarda nəzərdə tutulan 150 nəfərlik məhdudiyyət aradan götürülüb.

Eyni zamanda yas mərasimlərinin keçirilməsinə icazə verilib. Yumşalmalar hava limanına aid edilib. Belə ki, əvvəl hava limanına öz yaxınını qarşılamağa və yola salmağa gedən şəxslər aeroport daxilinə buraxılmırdısa, müvafiq qərardan sonra həmin qadağa da aradan götürüldü.

Aydındır ki, yumşalmalara koronavirusa gündəlik yoluxma sayının kəskin azalması fonunda gedilib. Belə ki, martın 20-dən bəri Azərbaycanda yoluxma hallarının sayı 100-ü, son üç gündə isə 50-ni belə keçməyib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın quru sərhədlərinin bağlı qalması cəmiyyətdə anlaşılmazlıqla qarşılanır və müəyyən suallar yaradır.

BAKU.WS xəbər verir ki, "qafqazinfo" məsələ ilə bağlı millət vəkillərinin mövqeyini öyrənib.

Deputat Fazil Mustafa hesab edir ki, hazırda Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını izah etmək çətindir:

"Düşünürəm ki, quru sərhədlərini açmaq lazımdır. Vətəndaşlarımız həqiqətən də bu məsələ ilə bağlı müəyyən narahatlıqlar keçirirlər. Quru sərhədlərinin açılmasına dair hökumətə çağırışlar, müraciətlər olub. Mən özüm də dəfələrlə sosial şəbəkələr və digər variantlarda hökumətə müraciət etmişəm.

Çünki xeyli insan, xeyli vətəndaşımız bu haldan əziyyət çəkir. Yəqin ki, hökumət məsələni müzakirə edib bir qərar verəcək. Bu hökumətin səlahiyyətinə aid olan məsələdir. Hər hansı bir şəkildə karantin qaydaları ilə əsaslandırıb sərhədləri bağlı saxlayırlar".

O, eyni zamanda əlavə edib ki, Azərbaycanın quru sərhədlərinin yaxın vaxtlarda açılmasına dair gözləntisi yoxdur.

Millət vəkili Musa Qasımlı da artıq quru sərhədlərin açılmasının vaxtı çatdığını düşünür:

"Koronavirus pandemiyasının yaratdığı şəraitdə yumşalmalar olduğu üçün quru sərhədlərimizdə bəlli tədbirlər görmək şərtilə gediş-gəliş bərpa oluna bilər. Bu, ölkəmizə turistlərin gəlməsinə müsbət təsir göstərər. Artıq quru sərhədlərinin açılmasının vaxtının yetişdiyi qənaətindəyəm".

BAKU.WS