“Ötən iclasda Razi Nurullayevin bütün səhiyyə sistemi və səhiyyə işçiləri adına dedikləri ədalətsiz idi”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, səhiyyə işçiləri respublikada ən aşağı əməkhaqqı alan kateqoriyadır: “Son illərdə ölkəmizdə aparılan islahatlar fonunda, səhiyyə sahəsində olan islahatlardan danışırıq. Baltik ölkələrində səhiyyə sahəsində olan islahatlar 7 il sonra öz bəhrəsini verdi.

Gürcüstanda səhiyyə sistemində islahatlara bizdən əvvəl başlasa da, onlar hələ nəticəni görə bilməyib. Pandemiya başlayandan bizim tibb işçiləri çalışır. Prezident İlham Əliyev öz çıxışlarında səhiyyə işçiləri ilə bağlı çox yüksək fikirlər söyləyib. Müharibə dönəmində bizim səhiyyə işçilərimiz yerdə bir yaralı əsgər buraxmadılar”.

Deputat qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edən veteranlara bəzi sosial müavinətlər verilir: “Bir neçə gündən sonra biz Zəfərimizin bir illiyini qeyd edəcəyik. Veteran deyəndə sadəcə şəhid və qazi başa düşülməməlidir.

Bu gün 44 günlük müharibədə iştirak edənlər Birinci Qarabağ müharibəsində iştirak edənlərdən fərqli olaraq müavinət almır. Büdcə müzakirəsi zamanı bu məsələ qaldırılmalıdır.

İkinci Qarabağ Müharibəsində iştirak edənlərə müavinət verilsin. Fərqi yoxdur, yaralanmayıb, ölməyib, əsas odur müharibəyə gedib, yanında bomba partlayıb”.

BAKU.WS