SİZİN REKLAM BURADA!
055 213 76 73


Hesablama Palatasının əməkdaşı Almaz Qurbanovun vəfatından 1 il ötür.

Bununla əlaqədar, A.Qurbanovun ailə üzvlərinə və yaxınlarına baş sağlığı verilir.

Qeyd edək ki, Qaraqurbanlılar nəslinin nümayəndəsi Qurbanov Almaz Səlim oğlu 1947-ci ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur.

O, 1954-1965-ci illərdə Kalinino rayonunun rus dilindəki orta məktəbində, 1965-1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunda, 1987-ci ildə isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

O, 1975-1991-ci illərdə Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, Təşkilat şöbəsi müdirinin müavini vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Ali Soveti tərəfindən həmin orqan ləğv olunduqdan sonra 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət Müfəttişliyində inspektor, baş inspektor vəzifələrində fəaliyyət göstərmiş və dövlətin belə bir əhəmiyyətli sahəsində öz əməyini, bilik və bacarıqlarını əsirgəməmiş, dövlətə sadiqliyi, bilik və bacarıqları ilə fərqlənmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət Müfəttişliyi ləğv olunduqdan sonra 1992-1997-ci illərdə Azərbaycan Respublikası “Xalq üçün mallar” Dövlət Konsernində Xüsusi idarə rəisinin müavini, Əlaqələrin təşkili və toxuculuq sənayesinin inkişafı idarəsi rəisinin birinci müavini, daha sonra həmin idarənin rəisi vəzifələrində çalışmışdır.

Almaz Qurbanovun bilik və bacarığı, dövlətə sadiqliyi nəzərə alınaraq o, Ümummilli Liderimiz Heydər Əliyevin sərəncamına əsasən “Xalq üçün mallar” konserni idarə heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.


O, 2003-cü ildən Azərbaycan Respublikası Hesablama Palatasında fəaliyyətə başlamışdır. 11 il işlədiyi müddətdə Almaz Qurbanov Hesablama Palatasında baş məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifələrində çalışmışdır.

İşlədiyi müddətdə Almaz Qurbanov göstərdiyi peşəkarlığa və sadiqliyə görə ölkə rəhbərliyi tərəfindən 1976-cı ildə “Əməkdə fərqlənməyə görə” medalı, 1982-ci ildə isə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur.

BAKU.WS