SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya səbəbilə xarici ölkələrə gediş-gəliş olmadığından əhali daha çox daxili turizmə üstünlük verir.

Yayı təbiət qoynunda keçirmək istəyənlər rayonlara və bölgələrə axın edirlər.

Ölkədə fəaliyyət göstərən turizm şirkətləri əhalinin səyahətini təmin etmək üçün rayonlara və bölgələrə müxtəlif qiymətlərə turlar təşkil edirlər.

Turizm ekspertlərinin sözlərinə görə, turların qiymətləri 25 AZN-dən başlayaraq 150 AZN-ə qədər dəyişir.

Mövzu ilə bağlı BAKU.WS-ə müsahibə verən turizm eksperti Rəhman Quliyev, bölgələrdəki otellərdə dincəlmək istəyənlər üçün tur qiymətlərinin digərlərindən baha başa gəldiyini bildirib:

“Gündəlik turlar kiçiktutumlu avtobuslarla 35-40 manata, iritutumlu avtobuslarla isə 25-30 manata başa gəlir. Cənub bölgəsinə (Lənkəran-Masallı) 1 adamın 1 günlük səfəri (səhər yeməyi daxil) 3 ulduzlu oteldə 30-50, 4 ulduzlu otel 60-80, 5 ulduzlu otellərdə 100-150 AZN-ə başa gəlir.

Şimal bölgəsinə (Quba-Qusar) təşkil edilən turların qiyməti isə 1 nəfər üçün 3 ulduzlu otellərdə 60-80 AZN-ə, 4 ulduzlu oteldə 80-100 AZN-ə, 5 ulduzluda isə 100-200 AZN-ə reallaşır”.

Ekspertin sözlərinə görə, bu qiymətlərin fonunda Şəki bölgəsinə təşkil edilən turlar digərlərindən qiymətinə görə bir qədər fərqlənir:

“Bu bölgələrə iri tutumlu avtobuslarla səyahət 35-40 AZN, kiçik avtobuslarla 45-60 AZN-ə başa gəlir.

Burada 1 nəfər üçün istirahət 4 ulduzlu otellərdə 60-80 AZN, 5 ulduzlu otellərdə isə 100-150 AZN-ə təklif edilir. Xidmətə isə sadəcə səhər yeməyi daxildir“.

Qeyd edək ki, turizm şirkətləri yerli turistlərin səyahətini daha az pul xərcləyərək reallaşdırmaq üçün az büdcə tələb edən adi gündəlik turlar da təklif edir.

Bu paketlərdə 1 nəfərin 1 günlük istirahəti 25-30 AZN-ə başa gəlir. Bura tur rəhbəri ilə gəzinti və səhər yeməyi daxildir.

BAKU.WS