VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabr ayı ərzində dəm qazından 25 nəfər zəhərlənib.

BAKU.WS xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O qeyd edib ki, son bir ay ərzində şöbəyə müraciət edənlər arasında azyaşlılar da olub. Hər il ölkədə dəm qazından onlarla adam zəhərlənərək ölür. Bəs niyə insanlar bu sakit ölümə qarşı bu qədər laqeyd davranırlar?

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi abonentlər "qaza zəhər qatırlar", "qaz zəhərlidir" və sair bu kimi həqiqətə uyğun olmayan, yanlış fikir söyləyirlər. Halbuki qazda heç bir zəhər yoxdur:

"Bu, sadəcə metan qazıdır. Dəm qazı da qazın yanan tüstünün içərisində olan karbon monooksiddir. Cihazlar nasaz olanda, qaz - hava qarışığı konsentrasiyası düzgün olmayanda karbon 4-oksid əvəzinə karbon 2-oksid - karbon monooksid əmələ gəlir. Karbon monooksid də olduqca zəhərlidir. Bu qaz 7-30 dəqiqə ərzində insan həyatına son qoyur".

N.Qasımovun sözlərinə görə, dəm qazından boğulmaya səbəb olan amillərdən biri tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsidir.

"Qaydalara görə, su qızdırıcıları ildə 4 dəfə mövsüm öncəsi təmizlənməlidir. Bununla yanaşı, ventilyasiya kanalları da təmizlənməlidir ki, qaz yanan otağı 1 saatda 3 dəfə təmizləyə bilsin", - deyən ekspert əlavə edib ki, dəm qazı əsas metanın, benzinin, kerosinin və digər karbohidrogen tipli maddələrin natamam yanmasından əmələ gəlir.

Onun sözlərinə görə, çox zaman vətəndaşlar qarajlarda avtomobilin mühərrikini, kondisioneri işə salıb otururlar. Səhər isə həmin şəxslərin vəfat etdiyi məlum olur. Vətəndaşlar məsuliyyətsizlikdən dəm qazının qurbanı olurlar.

Ekspert deyir ki, dəm qazının qurbanı olmamaq üçün xüsusi qaydalara əməl etmək lazımdır:

"Hamam otağının xüsusi pəncərəsi, tüstü ötürücüsü olmalıdır. Hamamda 1 m3 metan qazının yanması üçün 9,5 m3 hava lazımdır. Havanın daxil olması üçün qapının aşağı hissəsində dəliklər olmalıdır. Hamamın ölçüsü 7,5 m3 olmalıdır. Kustar üsulla hazırlanan cihazlara qaz qoşmaq olmaz. Naşı adamlara, lisenziyası olmayan, qazdan təhlükəsizlik qaydaları barədə imtahan verməyən adamlara qaz sobalarının təmir edilməsinə, profilaktik təmir işlərini görməyə icazə vermək olmaz".

Qasımov qeyd edib ki, dördgözlü sobalar yanan mətbəxin hündürlüyü 2,20 m olmaqla, ərazisi 15 m3 olmalıdır. Pəncərə gözlüyü, ventilyasiya kanalı olmalıdır. Qaz yanan otaqda uzun müddətli oturmaq, dincəlmək, yatmaq, qəzet oxumaq olmaz. Gecə yatanda qaz cihazları söndürülməlidir.

Bəs dəm qazı zəhərlənməsi zamanı, ilk yardım necə göstərilməlidir?

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir.

"Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan, oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya, yəni oksigen çatışmazlığı başlayır. Hipoksiya orqanizmin oksigen təchizatının pozulması deməkdir. Sinir sistemi, ürək, böyrək, qaraciyər hipoksiyaya çox həssasdır", - deyən həkim əlavə edib ki, insan yüksək konsentrasiyalı dəm qazına məruz qaldığı zaman zəhərlənmə baş verir.

Həkim qeyd edib ki, havada dəm qazının miqdarı çox olduğu zaman başağrısı, başgicəllənməsi və boğulma başlayır. Qazın miqdarı artdıqca, ağırlaşma baş verir və ölüm reallaşır: "Dəm qazından zəhərlənmə zamanı təngnəfəslik, başgicəllənmə, quru öskürək, müvazinətin itməsi, sinə və boğazda ağrı, qusma müşahidə olunur. Daha sonra qıcolma, huşun itməsi, tənəffüs və ürək sisteminin dayanması baş verir".

Həkim bildirir ki, zərərçəkmişə ilkin yardım göstərmək üçün onu təmiz havaya çıxarmaq və süni nəfəs vermək mütləqdir.

BAKU.WS