Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nin qalibi Lənkəran şəhərində yaşayan, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi Ələmzadə Rüfanə Qabil qızı tərəfindən icra edilən “Anlamağa gedən yol səsdən keçmir” layihəsi çərçivəsində ZOOM platforması vasitəsi ilə 18-29 yaş arası gənclər üçün nitq və eşitmə məhdudiyyətli insanların dialoq dili olan “İşarə dili” bacarıqlarının təşviq edilməsi mövzusunda 4 onlayn seminar (vebinar) həyata keçirilib.

Təlimdə 35 nəfər gənc iştirak edib. Layihə rəhbəri Rüfanə Ələmzadə Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qısa qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb və seminarda müzakirə ediləcək məsələləri qeyd edib.

O, çıxışı zamanı “İşarə dili” ilə bağlı çox az sayda gəncin məlumatlı olduğunu vurğulayıb. Həmçinin, bu sahəyə olan marağın atırılması, daha çox insanın mövzu ətrafında maariflənməsi ilə nitq və eşitmə məhdudiyyətli insanlarla ünsiyyətin asandlaşdırılması üçün gənclərin belə layihələrdə iştirakının vacib olduğunu diqqətə çatdırıb.

Layihə fəaliyyətinə cəlb edilmiş “İşarə dili” üzrə peşəkar təlimçi Nuranə Abıyeva 4 onlayn seminar (vebinar) müddətində “İşarə dili”nin mənası, eyni məhdudiyyəti olan insanların fərqli ölkələrdə, fərqli işarələrlə necə ünsiyyət qurması, ölkəmizdə mövcud olan “İşarə dili” və onun digər dillərdən fərqi və oxşar cəhətləri, həmçinin ölkəmizdə bu dil ilə bağlı mövcud olan vəziyyət və cəmiyyətin bu dilə olan fikir və yanaşması, daha düzgün və daha keyfiyyətli öyrənmə üsulları və bunların tətbiqi, ilkin ünsiyyət qaydaları və lazım olan metodlar, məhdudiyyətlilərin reaksiyası, kompleks halların yaranması və öyrənilən sözlərin unudulması zamanı vəziyyətdən çıxış imkanları haqqında məlumatlar verib. Sonda layihə çərçivəsində hazırlanmış sosial çarx gənclərə nümayiş etdirilib və onlayn seminarlar gənclərin böyük maraq və müzakirəsi şəraitində yekunlaşıb.

Təşkil edilmiş onlayn seminarlarla bağlı iştirakçılardan Mələk Əhmədzadə, Xədicə İsmayılzadə, Almaz Məmmədova, Arzu Əlizadə, Mahrux Əhmədova və digər gənclər yekunda onlayn seminarla bağlı yüksək təəssüratlarını bölüşərək hazırkı layihənin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və ekspertə və digər şəxslərə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara poçt vasitəsi ilə üzərində AzGF loqosu və layihənin adı yazılmış sertifikatlar və USB yaddaş kartları təqdim edilib.

BAKU.WS
QALEREYA