"Yeşilçam" ulduzu illər sonra acınacaqlı vəziyyətdə görüntüləndi

Yeşilçam ulduzu illər sonra acınacaqlı vəziyyətdə görüntüləndi
Video
Şou-biznes 77

Məşhur "Yeşilçam" aktyoru İhsan Gedikin acınacaqlı vəziyyəti ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o İstanbulun Karaköy-Tünel xəttində çətinliklə hərəkət edərkən görüntülənib.

Çəliyinə söykənərək addımlayan 83 yaşlı sənətkarın vəziyyəti sosial mediada geniş müzakirələrə səbəb olub.

Bu barədə jurnalist Mehmet Faraç məlumat yayıb. O yüzlərlə filmdə rol alan ustad aktyorun hazırda xatirələrini və fotoşəkillərini sataraq dolandığını diqqətə çatdırıb.

Jurnalistin sözlərinə görə, bu sadəcə bir görüntü deyil, aktyorun həyatının və uzun illər xidmət etdiyi kino sektorunun sərt reallığının göstəricisidir.

O bildirib ki, İhsan Gedik yorğun bədəni ilə hər addımda dayanaraq dincəlmək məcburiyyətində qalır və görünür ki, küçə-küçə gəzərək şəkillərini satır.

"600-ə yaxın filmdə rol almış bir aktyorun bu yaşda belə çətin həyat şəraiti ilə üzləşməsi acınaacqlıdır. Onun satdığı məhsulların alınıb-alınmadığı məlum olmasa da, çiynində daşıdığı çanta ilə hələ də ümidini itirmədiyi hiss olunur" - deyə Mehmet Faraç vurğulayıb.

Mövzuya diqqət çəkən Faraç, dünya kinosunda oxşar sayda filmdə rol alan aktyorların qocalıq dövründə bu cür çətinlik yaşamadığını deyib.

O Klint İstvud kimi sənətkarların 90 yaşında belə kino fəaliyyətini davam etdirdiyini xatırladıb.

Bu hadisə bir daha Yeşilçam dövrünün bir çox sənətçisinin qocaldığı zaman unudulduğunu və sosial təminat problemləri ilə üzləşdiyini gündəmə gətirib.

Son xəbərlər