İTV-nin pozduğu qaydalar (VİDEO)

İTV-nin pozduğu qaydalar (VİDEO)
Video
Şou-biznes 1168

 

Rəsmi dövlət qəzeti "Azərbaycan” qəzeti İctimai Televiziyada nümayiş olunan "Evakuator” verilişini tənqid edib.

Qəzetin hazırladığı materialda bildirilir ki, bu veriliş başdan ayağa kimi qanun pozuntuları, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunur. Həmin yazını təqdim edirik:

İctimai Televiziyada "Evakuator” adlı veriliş var. Şou xarakterlidir. Formatı bəsitdir - əslində evakuator xidmətinin reklamı naminə düşünülüb. Qalanı da "standart” - şou əhlinin maşınlarının və özlərinin nümayişindən ibarətdir. Çünki məsələ harada, hansı şəraitdə oturub danışmaqdan deyil, söhbətin mahiyyətindən gedir. Fərz edək ki, gərəkli verilişdir.

Ancaq məgər bunu təhlükəsiz üsullarla çəkmək olmazdımı? Ənənəvi dairəvi çarxdan dördbucaqlı təkər düzəltmək nə orijinallıqdır, nə də yenilik. "Evakuator” verilişinin "orijinallığı” - maşınları evakuatora qaldırıb çəkilişin də evakuatorun üzərində aparılması sayılır. Nə böyük işdir? Bəlkə də bəzilərinə evakuatora qaldırılan maşının içində oturub söhbətləşmək, şəhəri gəzmək maraqlı gəlir. Amma bu, qətiyyən təhlükəsiz sayıla bilməz: nə evakuatorun üzərindəkilər, nə də ətrafdakılar üçün.

Çəkilişlərdə təhlükəsizlik qaydaları kobud sürətdə pozulur: operatorlardan biri və onun köməkçisi evakuatorun üzərində dayanaraq çəkiliş edirlər. Maşının içərisindəki aparıcı və qonağın da təhlükəsiz şəraitdə "yaradıcılıq”la məşğul olduğunu söyləmək çətindir: evakuator şəhərin yollarında, digər hərəkət iştirakçılarından təcrid edilmədən irəliləyir. Xüsusi mühafizə və müşayiət olmadığından bu evakuatorda baş verə biləcək hər hansı texniki nasazlıq, yaxud yol-nəqliyyat qəzasında operatorun və köməkçisinin, yaxud maşının içindəki şəxslərin aqibəti necə olacaq? Bu, həm də ətrafdakıların həyatına təhlükədir. Məgər evakuatordan maşınların aşması, düşməsi az olub? Yeri gəlmişkən, qonağın maşınının təhlükəsizlik sistemləri çox olsa belə, motor işlək halda olmadığı üçün qəza anında aktivləşməyəcək.

Yaradıcı heyətin bir "maraqlı” cəhəti də ondan ibarətdir ki, evakuatorun və çəkiliş qrupuna daxil olan digər avtomobillərin yol-hərəkət qaydalarını pozmasını özündə ehtiva edən kadrları da tamaşaçıdan gizlətmir. Yaxud onlar bunun heç fərqində deyillər. Bəlkə düşünürlər ki, "Evakuator” verilişi qanundan kənardır - onlar piyadalara yol verməyə, "obyekti” müxtəlif rakurslardan - yandan, arxadan, öndən çəkmək üçün hərəkət zolaqlarında istədikləri kimi manevr edə, hətta evakuator üzərində ştativ qurub ayaqüstə operator (sərnişin) daşıya bilərlər? Bu azmış kimi, arada bir evakuatorun üstündəcə "oxuyub” oynayırlar da! Bəlkə, bu kadrlar çox aşağı sürətdə çəkilir? Onda da belə bir sual ortaya çıxır ki, nə haqla yolda hərəkətə maneə yaradır, sürəti qəsdən aşağı salırlar?

Əslində bu veriliş evakuator xidmətini, bu xidmətin telefon nömrəsini daha çox kadrda, diqqətdə saxlamaq, müğənnilərin, bir sıra kommersiya obyektlərinin birbaşa və dolayı reklamı naminə hazırlanır. Teatrlaşdırılmış səhnələrlə - guya ki, qayda pozmuş müğənnilərin avtomobillərini qanuna zidd üsullarla evakuasiya etməklə, ekranda göstərilən digər qayda pozuntularını görməzdən gəlib üzərindən sükutla keçməklə "maarifçilik” etmək olmaz. Axı təhlükəsizlik və yol-hərəkət qaydalarına hər yerdə, hər zaman ciddi əməl edilməlidir: real həyatda da, şou çəkilişində də!

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər