Stres keçirən hər kəs xərçəngə tutulur? - ARAŞDIRMA
Dünyada xərçəng xəstələrinin sayının 2030-cu ilə qədər üçdə bir artaraq dörd milyona çatması gözlənilir. Bəzi alimlər bunu stres səviyyələrinin yüksəlməsi ilə əlaqələndirir.
BAKU.WS milli.az-a istinadən xəbər verir ki, həkimlər də illərdir bir çox xəstələrin xərçəngin başlamasından qısa müddət öncə travmatik hadisələr (yaxınını itirmək, boşanma və s.) keçirdiklərini öyrənirlər.
Ancaq hələ də stresin birbaşa xərçəngə səbəb olub-olmadığı dəqiqləşdirilməyib.
Stres hormonlarının xərçəngə təsirini araşdıran Brighton Universitetindən professoru Melani Flint deyir:
"Mənim fikrimcə, bu həm ilk növbədə xərçəngin yaranmasına, həm də sonrakı mərhələdə xəstəliyin yayılmasına kömək edir. Lakin stres birbaşa səbəb deyil, sadəcə amillərdən biridir".
Böyük populyasiyaların tibbi məlumatlarını təhlil edən bəzi tədqiqatlar da bunu dəstəkləyir.
Finlandiyada 15 il ərzində 10 000 qadını izləyən araşdırmaçılar yas tutan qadınların beş il ərzində döş xərçənginə tutulma ehtimalının daha çox olduğunu görüblər.
İş yerində stresə məruz qalmağın 65 yaşa çatmamış kişilərdə prostat vəzi xərçəngi və qadınlarda döş xərçəngi riskinin artması ilə əlaqəli olduğu aşkarlanıb.
Xərçəng Tədqiqatları İnstitutunun Təkamül və Xərçəng Mərkəzinin direktoru professor Trevor Qrahamın sözlərinə görə, əldə edilən məlumatlara baxmayaraq, stress və xərçəng arasında qəti əlaqə qurmaq hələ də mümkün deyil.
"Problem stresin adətən xərçəng riskini artıran digər amillərlə müşayiət olunmasıdır. Stresli həyat sürən insanlar siqaret çəkir, həddindən artıq spirtli içki qəbul edir, az hərəkət edir və qeyri-sağlam qidalanırlar.
Bütün bunlar eyni zamanda stres səbəbləridir və xərçəng üçün risk faktoru kimi qiymətləndirilirlər. Buna görə də xəstəliyə səbəb amilləri tam ayırd etmək çətindir", - professor deyib.
Flint isə deyir ki, stres hormonu kortizol hər hüceyrədə olan reseptorlara bağlanır və iltihab da daxil olmaqla, müxtəlif prosesləri tənzimləyir. Stres və kortizol immunitet sistemini də məhv edə bilir.
Alimlər laboratoriya mühitində stresin hüceyrələrə təsirini təqlid etməyə çalışıblar. Təcrübələr stresin DNT-yə zərər verdiyini və hüceyrələrdə dəyişikliklərə səbəb olduğunu, eləcə də çoxalmasına icazə verildiyi təqdirdə xərçəngə çevrilə biləcəyini ortaya çıxarıb.
Bununla belə, mütəxəssislər hər stresə məruz qalan insanın xərçəngə tutulacağını deməyin mümkün olmadığını bildirirlər. Ancaq stresin xərçəngə tutulduqdan sonra onun orqanizmdə yayılmasında stresin birbaşa rol oynadığı mövsuzunda demək olar ki, hər kəs eyni fikirdədir.
Oxşar xəbərlər
Boşanma riskini artıran 10 təəccüblü səbəb
Araşdırmalar göstərir ki, böyük toyları olan və ya uşaqlıq sevgiləri ilə evlənən cütlüklərin boşanma riski daha yüksəkdir. BAKU.WS SİA-ya istinadən verdiyi məlu...