Röya 8 il həbs oluna bilər
Xəbər verdiyimiz kimi əməkdar artisti Röya Ayxan Heydər Əliyev Sarayında baş tutan konsertinə media nümayəndələrinin bir qismini buraxmayıb.
Əməkdar artistin bu addım barədə musavat.com saytı maqazin jurnalistləri arasında sorğu keçirib, sorğuda səsləndirilən fikirlər isə sənətçinin xoşuna gəlməyib.
O, "İnstaqram" səhifəsində qafqazinfo.az saytının əməkdaşı Elvin Elxanı rəyinə görə təhqir edib: "Elvin, çox gülməlisən. Yaxşı maaş alsaydın, sənə dava açardım. Amma yazığım gəlir sənə. Odur ki, dinmirəm. Bu arada "Xəzər" televiziyası ilə müqavilə var, mən 100 yox, 4 verilişə çıxmışam. Ağıllı ol, çünki 5 il çox vaxt deyil, mənə vaxt qoyanlar arasına girmə, oğulcuq. Gələndə o qədər axmaq-axmaq suallar verirsiniz ki, adamın olmayan əti tökülür. Sizin yeriniz "İnstaqram"-dır, oradan oğurlayıb, yazın. Elvinsən, nəsən, şübhən varsa, biletlər 2 ay öncə satılıb".
Əməkdar artist daha sonra jurnalist barədə ikinci statusunu yazıb: "Konsertə yazarları buraxmayanlara "çox sağ ol" deyirəm. Heydər Əliyev Sarayı bu qanunu yaxşı ki, çıxarıb. Qoy, gedib hesablarını ora ilə aparsınlar. Elvin Elxan, bir də başından böyük qələt edib, adımı yazarsan, eşitdin? Vəkillər startdadır".
Röya daha sonra statuslarını silib.
Milli.Az bildirir ki, Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə musavat.com saytına açıqlamasında Röyanın jurnalistlərin Saray əməkdaşları tərəfindən konsertə buaxılmaması barədə rəyinə aydınlıq gətirib. O, bildirib ki, Röyanın açıqlaması əsassızdır: "Sarayın adı hallanır, amma olanların Sarayla heç bir əlaqəsi yoxdur. Heç bir media nümayəndəsi qapıdan geri qaytarılmayıb. Yalnız Apa-dan fotoqraf dostumuz Ramil buraxılmayıb. Onu da mən izah etmişəm ki, fotoqrafları buraxmırlar. Çünki özləri foto çəkib kimə lazımdırsa, göndərirlər və bir sıra informasiya agentliklərinə dəvətnamə veriblər ki, tamaşaçı kimi gəlib baxsınlar. Və şəxsən mən mənimlə əlaqə saxlayan bir sıra media nümayəndəsi dostlarımıza əvvəlcədən vəziyyəti izah etmişdim. Bir sözlə tədbir mətbuata qapalı deyildi və təşkilatçılar media nümayəndələrinə dəvətnamə verdiklərini, dəvətnaməsiz də heç kimin içəri keçməyəcəyini bildirmişdi".
Röya-jurnalist qalmaqalı barədə hüquqşünas Ruslan Əhmədoğlu fikir bildirib.
O, saytımıza açıqlamasında qeyd edib ki, şantaj, hədə-qorxu ilə tələb etmə halında həmin şəxs cinayət məcəlləsinin 182 maddəsinə əsasən 3-8 ilə qədər həbs edilə bilər:
"Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bununla yanaşı Kütləvi İnformasiya Vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanuni şəkildə jurnalist fəaliyyəti göstərən şəxsin hüquqların məhdudlaşdırmaq birmənalı hüquq pozuntusudur! Şantaj, təhqir və şərəf ləyaqətinə toxunan sözlər ilə jurnalist üzləşibsə, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədə uyğundur. Şantaj, hədə-qorxu əmlak tələbinə bağlı olmadığı üçün mülki qaydada baxıla bilər. Şantaj, hədə-qorxu ilə tələb etmə halında cinayət məcəlləsinin 182 maddəsinə əsasən 3-8 ilə qədər həbs edilə bilər"
Qeyd edək ki, Elvin Elxan jurnalistlərin konsertə buraxılmaması barədə bunları demişdi: "Biz artıq müğənnilərin bu cür söz-söhbətlərindən bezmişik. Röya axır vaxtlar eyforiyaya qapılıb, başının üstündə ulduzlar fırlanır. Özü də bilmədən elə qərarlar çıxarır ki, lap insanın gülməyi gəlir. Bizim sənətçilər hələ də jurnalistlərin gücünü başa düşməyiblər. Röyaya xatırladaq ki, mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq".
BAKU.WS
Oxşar xəbərlər
Röya onu atan sevgilisi üçün efirdə göz yaşı tökdü - Video
"Məndə heç vaxt darıxmaq hissi olmayıb. İndi başa düşürəm darıxmaq nədir. İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm”. BAKU.WS-in Axşam.az-a istinadən m...