“Qadınların sayındakı azalma təhlükəli vəziyyət yarada bilər”
"Azərbaycanda doğum səviyyəsinin aşağı düşməsi və doğulan uşaqların cinsi nisbətinin pozulması problemi müşahidə olunur”.
BAKU.WS Bizim yol-a istinadən xəbər verir ki, bunu Bakıda "Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda keçirilən təlim-seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Demoqrafiya üzrə sektor müdiri Nailə Verdiyeva bildirib.
"Ötən il əhalinin illik artımı 1,1 faiz təşkil edib ki, bu da təbii artım hesabına baş verib. Təbii artımda müsbət göstərici qeydə alınsa da, reproduktiv sağlamlıq sahəsində vəziyyət ürəkaçan deyil. Cinsi nisbətin pozulmasına səbəb valideynlərin uşağın cinsinin seçimlə bağlı verdiyi qərarlar və təbdirlər (selektiv abort) nəticəsində doğulan qız uşaqların sayı yenə çoxdur”,-deyə N.Verdiyeva bildirib.
Onun sözlərinə görə, doğulan uşaqların cinsi nisbətinin pozulması umumi əhalinin cins strukturunu dəyişir: "Əhalinin siyahıya alınma məlumatlarına əsasən əgər 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın düşürdüsə, 1999-cu ildə bu rəqəm 1048 idi, 2009-cu ildə isə 1021 idi. Hazırda isə hər 1000 kişiyə 1006 qadın düşür.
Doğulanlar arasında oğlan uşaqlarının üstünlüyünü, yəni bioloji normadan yüksək və növbəti illərdə bu meyilinin davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğum tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmamazlığı təhlükəsi yarana bilər. Və qeyd olunanlar davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Bununla bağlı ölkənin uzun müddətli inkişaf xəttinə uyğun olaraq ƏƏSMN-i tərəfindən aiddiyyatlı qurumların təklifləri nəzərə alınmaqla "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində” dövlət proqramı layihəsi hazırlanmış, BMT-nin Əhali Fondunun dəstəyi ilə sənədin beynəlxalq ekspertizası həyata keçirilib. Proqramın əsas məqsədi əhalinin keyfiyyət artımını təmin edən əhalinin təkrar istehsal səviyyəsinin stabilləşməsi üçün hərtərəfli şəraitin yaradılmasıdır. Proqramda cins nisbətinin pozulmasıilə bağlı ayrıca bölmə də ayrılıb.Problemin həlli yolu ictimai maarifləndirmənin aparılması və ümumiyyətlə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir”.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, ölkədə qanunların və proqramların icrası prosesində hökümət, vətəndaş cəmiyyəti və medianın mobilizasiyası zəruridir. Bu işlərin daha səmərəli olması üçün icraçıların məlumatlılığı mütəmadi olaraq artırılmalıdır. Bunun üçün təlimlərin olması da arzuolunandır. Təlimlər imkanların artırılması deməkdir. Təbliğat işi aparılmalıdır”.
Onun sözlərinə görə, Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasının qarşısının alınması BMT-nin Əhali Fondunun əsas strateji fəaliyyət prioritetlərindən birini təşkil edir: "Keçən ilin oktyabr ayında keçirdiyimiz təlim vasitəsilə oğlan uşağına verilən üstünlüyün aradan qaldırılması prosesində medianın rolunun əhəmiyyətinin qabardılmasına yönəlmiş yanaşmanın bünövrəsi qoyuldu.
Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen vəziyyətin daha da ağırlaşması, gəlinqaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.
Proqnozlara əsasən, doğulanlar arasında cins nisbəti 116 olaraq qalsa və yaxud bu rəqəmdə artım müşahidə olunsa, hər il 12-15 daha çox oğlan uşağı dünyaya gələcək. Və beləliklə də ölkədə demoqrafik vəziyyət maskulinizasiya kimi tanınan mərhələyə çatacaq. Bu mərhələdən sonra isə ölkədə gender balansını bərpa etmək mümkün olsa belə, çox çətin olacaq.
Reproduktiv sağlamlıq və əhali məsələləri, eyni zamanda gender münasibətlərinin dinamikası ilə birbaşa əlaqədar olan bu problem UNFPA olaraq, bizi çox narahat edir. Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv uşaqsalmaların qarşısının alınması məqsədilə bir sıra yeni layihənin icrasına başlayır. Bu layihələr Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir”.
Fərid Babayev deyib ki, sözügedən layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də hər iki layihənin icrasında əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edirlər: "Bununla yanaşı, qeyd etməliyəm ki, edilən müdaxilələrin uğurunu təmin etmək üçün "dördüncü hakimiyyətin” töhfəsi çox əhəmiyyətlidir. Məhz bunu nəzərə alaraq, sizi bu problemlə mübarizədə daha fəal olmağa çağırırıq”.
BAKU.WS
Oxşar xəbərlər
Bakı əhalisinin sayı açıqlandı
2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 milyon 249 min 500 nəfərə çatıb. BAKU.WS xəbər verir k...