Leyla Əliyeva talassemiyalı uşaqlarla - FOTO

Leyla Əliyeva talassemiyalı uşaqlarla - FOTO
Şou-biznes 1419
 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 10-da Talassemiya Mərkəzində olub.

BAKU.WS xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Bildirilib ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək baxımından əhəmiyyətli səhiyyə ocağıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək onların müalicəsinin gedişi ilə maraqlandı. Həmçinin osteoporoz xəstəliyi olan uşaqlara Heydər Əliyev Fondu adından dərman preparatları təqdim olundu.

Leyla Əliyeva Mərkəzin gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlandı və Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirdi.

Talassemiya Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə nail olunub.

Bu ilin aprelinə qədər Talassemiya Mərkəzində 2959 nəfər dispanser qeydiyyatına alınıb və onlar xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir, dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında 976 xəstəyə mütəmadi olaraq eritrosit kütləsi köçürülür. Cari ilin birinci rübündə Respublika Talassemiya Mərkəzinə 6273 nəfərdən müraciət daxil olub və onlardan 603-ü ilkin müraciət edənlərdir. Onlardan 72 nəfər dispanser qeydiyyatına götürülüb. İlin üç ayı ərzində 105 xəstə stasionar müalicə alıb. İl ərzində 51 xəstə üzərində sümük iliyi transplantasiyası aparılıb.

Qeydiyyatda olan xəstələrin heç də hamısında qan uyğunluğu olmur və indi mərkəzdə qeydiyyatda olanların yalnız 300-400 nəfərində belə uyğunluq var. Həm də xəstələrin bir çoxuna uzun müddət qan köçürülməsi nəticəsində daxili orqanlarda müəyyən problemlər yaranır və onların bir müddət müalicə olunandan sonra sümük əməliyyatı aparılıb-aparılmaması barədə qərar verilir. Xəstələrin müayinəsi, əməliyyatqabağı və əməliyyatsonrası prosedurların hamısının maliyyə vəsaiti dövlət hesabına ödənilir. İki ilə yaxındır ki, yeni ailə həyatı qurmağa hazırlaşan cütlüklərin nikahqabağı müayinə edilməsi ilə talassemiya daşıyıcıları əvvəlcədən aşkarlanır və bu yolla xəstə körpələrin dünyaya gəlməsinin qarşısı alınır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər