"Bu stil mənim" verlişi ilə bağlı MTRŞ-nın qərarı gözlənilir (VİDEO)
ATV kanalında yayımlanan "Bu stil mənim” verilişində yenidən qalmaqal yaşanıb.
BAKU.WS məlumat verir ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı təhqir edib, onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb və danlayıb:
"Bundan sonra belə şeylər qulağımıza çatmasın. Biz səni dəstəkləyirik, amma bu o demək deyil ki, həddini aşasan”.
Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib.
Musavat.com proqramda yaşanan hadisə ilə bağlı Günel Məmmədova ilə əlaqə saxlayıb.
İştirakçı layihədə ona qarşı haqsızlıq olduğunu bildirib:
"Mən heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib, ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki, haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək olanlara təşəkkür edirəm”.
- Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi nədir?
- Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu mübahisə reytinq gətirmədi.
- Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə çalışmadınız?
- Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o insanların qarşısına çıxmayacağam.
- Müsabiqədən öz istəyinizlə uzaqlaşmısınız?
- Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışmadan uzaqlaşdım. Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn həftə verilişdə görə biləcək. Ondan sonra proqramda olmayacağam.
- Layihədə iştirakınıza görə, sizinlə müqavilə bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə proqramdan uzaqlaşa bilməz.
- Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən uzaqlaşmağıma problem yaratmaz.
- Valideynləriniz verilişdə başınıza gələnlərə necə münasibət bildirdi?
- Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular. Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla bağlı tədbir görəcəklərini dedilər. Valideynlərim mənim bir göz yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam. Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır.
- Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Hətta, məhəllə xarakterli söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla razısınızmı?
- Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə bizi yarışmadan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik.
- Yarışmaya çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı olmaq üçün pul ödəmisiniz?
- İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da çox pul xərcləyirik. Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də ödəyirdik.
- Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə danışır. İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O iştirakçılardan biri də sizsiniz...
- Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq. Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü itirdim və çaşıb, Türkiyə türkcəsində cavab verdim.
Yarışmanın hazırlandığı "Renk Medya" Günay Musayeva ilə bağlı açıqlama yayıb. Qurumun heyyəti G.Musayevanın iştirakçı Güneli haqlı səbəbdən tənqid etdiyini bildirilib:
"Günay Musayevanın iştirakçı Günel Məmmədovaya olan tənqidi doğrudur. Biz qızların yarışmadakı hazırlıqlarını yaxından izləyirik. Günel münsiflərin ona olan sevgisindən istifadə edərək digər iştirakçılara "Necə geyinsəm də, fərq etməz. Onsuz da münsiflər məni sevir, artıq heç bir şey deməyəcək və etməyəcəklər" sözlərini işlədib. Onun bu dediklərini Günay Musayevaya çatdırdıq. Digər iştirakçıların haqqına girməmək üçün Günay xanıma o sözləri biz dedirtdik və sona qədər də arxasındayıq. Bilinsin ki, o sözlər Günay Musayevanın öz fikri deyildir, "Renk Medya"nın sözləri idi. Kimsə işin əslini bilmədən təhqirlər yazmasın. Günay Musayeva heç vaxt kiminsə haqqını başqasına verməz".
BAKU.WS məsələ ilə bağlı MTRŞ ilə əlaqə saxlasa da qurumdan telefon zənglərinə cavab verən olmadı. Maraqlıdır ki, MTRŞ "Bu stil mənim" verlişi ilə bağlı hansı tədbirləri görəcək?
BAKU.WS
Oxşar xəbərlər
Günay Musayeva iştirakçını tənqid edib ağlatdı (VİDEO)
ATV-də yayımlanan "Bu stil mənim" verilişində maraqlı anlar yaşanıb. Axşam.az-ın məlumatına görə, verilişdə münsif kürsüsündə əyləşən model Günay Musayevanın i...