SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu günlərdə mərhum müğənni İlhamə Quliyevanın başa çatan qırx mərasimindən sonra qalmaqallı mirası yenidən gündəmə gəlib. Hər kəs maraqla miras qalmaqalının nə ilə nəticələnəcəyini gözləyir. Mərhum sənətçinin oğulluğu Orxan Nadirovun sənəd üzərində heç də onun varisi olmadığı və buna görə də mirasdan ona heç nə qalmayacağı barədə səslənən iddialar mal-mülk davasını daha da intensivləşdirib. Orxan Nadirov və onun vəkili bundan öncə açıqlamalarında bildirirdilər ki, mirasla bağlı məsələlərin həllinə  qırx mərasimi başa çatdıqdan sonra başlanılacaq.

"Artıq bununla bağlı istintaq işi açılıb”. Bu sözləri Orxan Nadirovun vəkili Habil Vəliyev "Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, miras davası paralel olaraq bir neçə məhkəmədə aparılacaq. Vəkil məhkəmələrlə bağlı geniş açıqlama vermək istəmədi:

"Bəzi məsələlər sirr olaraq qalmalıdır ki, bu işlərə narahatlıq yaratmasın. Mirasla bağlı yeni bir məhkəmə iddiası da irəli sürmüşük. Orxan Nadirovun hüquqlarının tanınması və sair məsələlər ilə bağlı. Amma bu haqda hələ ki, mətbuata açıqlama verməyəcəm. Çünki bəzi məsələlər ortalıqdadır. Bu məsələlər öz həllini tapandıqdan sonra vərəsəliklə bağlı məhkəmə gedişatından  danışacağıq. Yeni bir mərhələ açılacaq... "

Vəkil digər maraqlı faktları da açıqlayıb: "Orxan Nadirov əgər sənəd üzərində onun oğulluğu olmasa belə qohumu kimi də ona miras qalır. Bilirsiz ki, Orxan Nadirov İlhamə xanımın yaxın qohumudur. İlhamə xanım onu yaxın qohumundan övladlığa götürüb. Bir sözlə, onlar doğma qohumdurlar, yad deyillər”.

Qeyd edək ki, mərhum xalq müğənni İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mətbuata açıqlamasında bildirmişdi ki, sənətçinin mirasına Bakının mərkəzində yerləşən 4 evi, iki avtomobili, çoxlu miqdarda qızıl-zinət əşyaları daxildir. Ümumilikdə isə mirasın dəyərləndirilməsi 2 milyon manatdır. Bəzi iddialara görə, Orxan Nadirov qanuni olaraq onun oğulluğu olmadığı üçün 2 milyonluq mirasdan ona heç cür pay düşməyəcək.
Xatırladaq ki, xalq artisti  bu ilin fevralın 25-də tromboemboliyadan dünyasını dəyişib. 
 
BAKU.WS