95 yaşında vəfat edən Robert Düvallın ƏN YAXŞI FİLMLƏRİ
Ötən gün məşhur aktyor Robert Düvall 95 yaşında vəfat edib. Bununla da ömrünün 60 ildən çoxunu karyerasına həsr edən aktyorun yadda qalan obrazları yenidən xatırlanmağa başlayıb.
BAKU.WS xəbər verir ki, 1931-ci ildə Kaliforniyada doğulan aktyor Koreya müharibəsindən sonra hərbi xidmətini başa vuraraq Nyu-Yorka köçüb və müəllimi Sanford Meisnerdən dərs alıb.
1962-ci ildə rol aldığı ilk filmdə cəmi bir neçə səhnədə görünüb. "To Kill a Mockingbird" filmində "Boo Radley" obrazını canlandıran Düvall dialoqu olmasa da, tamaşaçılar üzərində güclü təəssürat yaradaraq ulduzluğa doğru ilk addımını atıb.
Həyatı boyunca 7 dəfə "Oskar"a namizəd göstərilən Robert Düvall1984-cü ildə "Tender Mercies" filmindəki baş roluna görə "Ən yaxşı kişi aktyor" mükafatını qazanıb.
Fransis Ford Koppola imzalı "The Godfather" seriyasının ilk iki filmində rol alan Düvall, Mayklın övladlıq qardaşı və ailə müşaviri Tom Haqen obrazını canlandırıb.
Aktyor ilk filmdəki performansına görə "Ən yaxşı ikinci plan kişi aktyor" nominasiyasında "Oskar"a namizəd göstərilmişdi.
Brüs Beresford tərəfindən çəkilən, ssenarisini Horton Futun yazdığı "Tender Mercies" filmi sərxoş müğənnisi Mak Slesin həyatından bəhs edir.
Filmdə Mak obrazına Düvall həyat verib. Bu roluna görə o "Ən yaxşı kişi aktyor" nominasiyasında "Oskar" mükafatını qazanıb.
Yenə Fransis Ford Koppola tərəfindən çəkilən, ssenarisi Con Milius və Koppolaya məxsus olan "Apocalypse Now" filmində aktyor Vyetnam müharibəsi fonunda polkovnik Kilqor obrazını canlandırıb.
Aktyor bu rola görə də "Ən yaxşı ikinci plan kişi aktyor" nominasiyasında "Oskar"a namizəd göstərilib.
İvan Passerin rejissorluğu ilə çəkilən "Stalin" filmində Cozef Stalin obrazını Robert Düvall canlandırıb.
Rola hazırlaşarkən Stalinin yay iqamətgahında dörd gün qalan aktyor bu performansına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
"The Apostle" filmi Düvallın ssenarisini yazdığı və rejissorluq etdiyi ekran işidir. O, filmdə həyat yoldaşı başqa biri ilə qaçdıqdan sonra həyatı alt-üst olan, ehtiraslı texaslı keşiş Sonni Dyui obrazını canlandırıb.
Bu rol aktyora "Ən yaxşı kişi aktyor" nominasiyasında növbəti "Oskar" namizədliyi qazandırıb.
Devid Dobkin rejissorluğu ilə çəkilən "The Judge" filmində baş rolu Robert Dauni ilə bölüşən Düvall, hakim Cozef Palmer obrazını canlandırıb.
Bu performansına görə o, "Ən yaxşı ikinci plan kişi aktyor" nominasiyasında "Oskar" və "Qızıl Qlobus" daxil olmaqla bir çox mükafata namizəd olub. Düvall eyni zamanda bu kateqoriyada "Oskar"a namizəd göstərilən ən yaşlı kişi aktyor kimi tarixə düşüb.
Oxşar xəbərlər
Pərvin Abıyeva: "Üç dəfə nişanlı olmuşam"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, "Rəngarəng" verilişinə qonaq olan Abıyeva 3 dəfə nişanlı olduğunu açıqlayıb. Akt...