VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir müddət əvvəl final bölümü yayımlanan "Vicdan haqqı" serialı yayımlandığı üç mövsüm ərzində bir çox aktyor və aktrisaları tamaşaçılara sevdirdi.

BAKU.WS sözügedən serialda rol alan artistlərin yeni mövsüm hazırlıqlarından xəbər alıb.

Onların özəl açıqlamalarını sizə təqdim edirik:

Aktyor Murad İsmayıl:

"Yeni mövsümdə "Uçurum" adlı serialda rol alacağam. Aktrisa Ülviyyə Xəlilbəyli də həmin serialda oynayır. Mən onun sevgilisi olacağam. Serialın rejissoru Vüsal Məmmədovdur. "Uçurum"u tamaşaçılar tezliklə ARB telekanalında görəcəklər".

Reper, aktyor İbrahim Çingiz:

"Yeni mövsümdə "Könül yarası" adlı serialda oynayacağam. Tərəf müqabilim aktrisa Fidan Axundovadır. Serial qadağan olunmuş sevgi haqqındadır. "Könül yarası" tezliklə ARB-də yayımlanacaq".

Aktyor Cavidan Novruz:

"Bu mövsüm "Bacanaqlar" serialında olmayacağam. Yeni "Təhminə və Zaur" adlı seriala dəvət almışam. Çəkilişlərimiz başlayıb, tezliklə ATV kanalında tamaşaçılarımızın görüşünə gələcəyik".

Əməkdar artist Elxan Yunis:

"Bir müddət istirahət etmək istəyirəm. Yeni təklif almışdım, amma qəbul etmədim".

Əməkdar artist Aygün Zeynalova:

"Hələ heç bir yeniliyim yoxdur".

Müğənni, aktrisa Sonaxanım Əliyeva:

"Yeni təklif almışam. Bu haqda ətraflı bir müddətdən sonra danışacağam".

Aktrisa Ceyran Qasımova:

"Hələ heç bir təklif almamışam".

Aktyor Kamran M. Yunis:

"Bir müddət istirahət etmək istəyirəm. Təklif olsa, məsuliyyətim daha çox olacaq. "Vicdan haqqı"ndakı Yusif obrazımdan aşağı bir obrazı oynaya bilmərəm. Düşünmürəm ki, bir-iki aya hansısa rejissordan elə bir yaxşı təflif alım. Dəyərimdən aşağı düşmək istəmirəm".

Aktrisa Yağmur Şahbazova:

"Bir neçə təklif almışam, amma hələ heç birinə razılıq verməmişəm".

Hüseyn Məmmədsalahov
BAKU.WS