SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakıda "HOZU cangüdən" filminin təqdimat mərasimi baş tutub. 

BAKU.WS xəbər verir ki, mətbuata açıq təşkil edilən qalada ekran işində rol alan aktyorlar və sənətçilər iştirak ediblər. 

Filmdə Hozu adlı cangüdən gəncin başına gələnlərdən bəhs olunur. Ekran işində Hozu obrazı aktyor Məcid Hüseynova həvalə edilib. Qala zamanı BAKU.WS-ə açıqlama verən Hüseynov ekran işinin büdcəsinin 200 min AZN-dən çox olduğunu deyib:

"HOZU" filminin birinci hissəsinə, yəqin ki, hamı baxıb. Bu həmin ekran işinin davamıdır. Sadəcə müəyyən dəyişikliklər var. Birinci hissədə çəkilən aktyorlar, demək olar ki, burada da var, amma bu dəfə heyətimiz genişləndirmişik və filmdə 25-dən çox aktyor rol alıb. Ekran işi 8 ay ərzində çəkildi. Çəkilişlər Qax rayonunu Amanlı kəndi və Bakı şəhərinin müxtəlif ərazilərində baş tutdu. Filmin büdcəsi 200 min AZN-dən çoxdur".

Aktyor Teymur Məmmədov da "HOZU cangüdən"də rol alıb. O, ekran işində Hozunun atası obrazına həyat verib. Aktyor BAKU.WS-ə açıqlaması zamanı filmdə çəkilərkən başına gələn maraqlı hadisədən danışıb:

"Filmdə maraqlı bir məqam yaşadım. Mən Hozunun atası rolunu oynayırdım. Rola görə dedilər ki, sən uzan xərəyə, biz sonra gələcəyik. Mən də klinikada rahat uzanmışdım. Bir də gördüm nə gələn var, nə də gedən. Mən də bunları axtarmıram ki, indi bu saat çəkiliş başlayar. Orada rolumun vaxtı çox az idi. Amma uzun müddət xəstəxanaya çarpayısında qalmalı oldum".

Ekran işində 6 tanınmış sənətçi də yer alıb. Onlar arasında meyxanaçı Namiq Qaraçuxurlu, Əməkdar artist Elza Seyidcahan, meyxana ustadı Ağamirzə, Əməkdar artist Cavanşir Məmmədov və digərləri olublar. Onlar filmdə müxtəlif obrazlarda çəkiliblər. 

Filmdə rol alan meyxana ustadı Ağamirzə BAKU.WS-ə açıqlaması zamanı çəkilişlərdə xəstələndiyini deyib:

"Ekran işində Rafiq əmi obrazını canlandırmışam. İlk filmdə də çəkilmişəm. Birinci hissə super alınıb. İkinci filmimiz ondan da yaxşı oldu. Çəkiliş vaxtı bir az soyuqladım. Film lentə alınan zalda kondisioner işləyirdi. Hava da çox isti idi. Çəkilişdən sonra bir həftə xəstə oldum. Belə filmlərə təklif alsam, yenə də çəkilərəm. Bu filmə çəkiləndə dedim ki, xoşuma gəlməyən hissə olsa yarımçıq qoyub gedəcəm. Amma gördüm ki, heç bir problem yoxdur. Çəkilişlər istədiyimiz kimi oldu".

"HOZU cangüdən" komediya janrında lentə alınıb. Film xronometrajı 1 saat 24 dəqiqədir. Ekran işinin rejissorluğunu İlham Yaşaroğlu edib. Filmin ssenari məllifləri Məcid Hüseynov, Elnur Hüseynov, Alim Cəfər və Faiq Ağamalıdır. "HOZU cangüdən" filmini tamaşaçılar bu gündən etibarən “Park Cinema”, “Nizami Kinoteatrı”nda, o cümlədən “Aygün Mall”, “Park Bulvar” və “Metropark”ın kino zallarında izləyə bilərlər.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO

QALEREYA