Türkiyəli məşhurlar Bakıda "Bergen"in qalasında - FOTO/VİDEO

Türkiyəli məşhurlar Bakıda Bergenin qalasında - FOTO/VİDEO
Foto Video
Şou-biznes 305

Ötən gün Bakıda "Bergen" filminin qalası baş tutub.

BAKU.WS xəbər verir ki, “Park Cinema Flame Towers”də təşkil edilən gecədə ekran işinin əsas rol ifaçıları Farah Zeynəb Abdullah, Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen iştirak ediblər. Yerli mətbuat qarşısında çıxış edən məşhurlar jurnalistlərin suallarını cavablandırıblar.

Filmdə Bergen rolunu canlandıran aktrisa Farah Zeynəb Abdullah ölkəmizə artıq 3-cü dəfədir gəldiyini bildirib:

"Azərbaycana üçüncü dəfədir ki, gəlirəm. Bakı şəhərini çox sevirəm. "Bergen" obrazını oynamaq mənim üçün çox fərqli idi. Özəl bir rol idi. Filmin senarisindən çox təsirləndim".

Qırmızı xalıdan keçən aktyorlar daha sonra filmi izləyiblər. Layihədə 1980-ci illərin türk pop musiqisinin kult personajı, türk arabeskinin kraliçası müğənni Bergenin həyat hekayəsi ekranlaşdırılıb.

Bergen (əsl adı - Belgin) 7 uşaqlı ailənin ən kiçik övladı olub. Valideynlərinin boşanmasından sonra o, anası ilə Ankaraya gedir, konservatoriyaya daxil olur və “Feyman” klubunda səhnəyə çıxaraq ulduza çevrilir. Bağlanan müqavilələr səbəbindən Bergen bir müddət işləmək üçün anası ilə birlikdə Adanaya yola düşür.

Orada Halis Özgürlə tanış olub evlənir, bundan sonra həyatı cəhənnəmə çevrilir. Bergen davamlı olaraq zorakılığa məruz qalır. Üzünə turşu tökülür, nəticədə sağ gözü kor olur. Buna baxmayaraq, Bergen səhnəyə qayıdır və Türkiyənin ən məşhur müğənnilərindən biri olur. Amma yenə də Xalis tərəfindən ona qarşı təhdidlər davam edir.

Filmin rejissorları Mehmet Binay və Caner Alperdir. 145 dəqiqəlik ekran işi dram və bioqrafiya janrında lentə alınıb. Ssenari müəllifləri Sema Kaygusuz və Yıldız Bayazıt olan film təqdim olunduğu ilk gün 1 milyona yaxın tamaşaçı tərəfindən izlənilib. Bu səbəblə də "Bergen"i “Türk kinosunun ən yaxşı əsərlərindən biri” adlandırıblar.

Son xəbərlər