VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə lider namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, F.Ağamalı bu barədə "Pravda.az"-a danışıb.

O deyib ki, bu, həmin seçki dairəsində ümumi nəticələri dəyişmir: “Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizədlərin dairə seçki komissiyasının qərarından verdikləri şikayətə baxılıb. Təqdim edilmiş materiallar ciddi araşdırılıb.

İclasda 42 seçki məntəqəsindən 11-də səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin seçki dairəsinin 31 məntəqəsində səsvermənin nəticələri qüvvədədir. Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır. 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 seçki məntəqəsində nəticələrin ləğv edilməsi seçkilərin ümumi nəticəsinə təsir göstərmir.

Sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəy yazanlara təklif edirəm ki, Seçki Məcəlləsini oxusunlar, o zaman səsvermənin ümumi nəticələrinin dəyişib-dəyişməməsi ilə bağlı məlumat almış olacaqlar. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, daha çox səs toplayaraq qalib gəlmiş hesab olunuram”.

AVP sədri ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Fürsətdən istifadə edərək 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, seçkiqabağı təşviqat kampaniyasında mənimlə bərabər olan, kifayət qədər fəallıq göstərən komanda üzvlərinə, xüsusi olaraq media nümayəndələrinə təşəkkür edirəm.

Ədalətli, obyektiv qərar qəbul etdiyinə görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə, Ekspert Qrupuna minnətdaram. Ümidvaram ki, seçicilərin göstərdiyi etimad bundan sonra da dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqa varlığımla xidmət etməyimə, ulu öndərin müəyyən etdiyi yolla davam etməyə imkan yaradacaq".

*** 20:00

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Aytən Qurbanova, Kamil Musəvi və digərlərinin müraciətinə baxılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B.Əsgərov bildirib ki, müraciətlər dairə üzrə eyni seçki məntəqələrini əhatə etdiyindən və eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma zamanı müvafiq dairədən bütün sənədlər tələb olunub.

Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Qeyd etdiyim seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, bu dairədə lider namizəd Fəzail Ağamalıdır.

BAKU.WS