Seçkini saxtalaşdıranlar cinayət məsuliyyətinə cəlb olunacaqmı? - Məcəllədən çıxarışlar

Seçkini saxtalaşdıranlar cinayət məsuliyyətinə cəlb olunacaqmı? - Məcəllədən çıxarışlar
Siyasət 470

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) keçirdiyi iclasda 4 seçki dairəsi üzrə nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilib.

BAKU.WS xəbər verir ki, aşağıdakı seçki dairələri üzrə qanun pozuntularının olduğu qənaətinə gəlinib və nəticələr ləğv edilib:

- 33 saylı Xətai birinci seçki dairəsi - Lider namizəd Hüseynbala Mirələmov (47.1 faiz səs)

- 35 saylı Xətai üçüncü seçki dairəsi - Lider namizəd Rauf Arifoğlu (49.2 faiz səs)

- 74 saylı Lənkəran kənd seçki dairəsi - Lider namizəd Hadi Rəcəbli (53.1 faiz səs)

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - Lider namizəd Çingiz Qənizadə (45.4 faiz səs)

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlər baxılması üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

10 saylı Binəqədi: Madər Musayev

11 saylı Qaradağ: Aydın Hüseynov

14 saylı Xəzər: Soltan Məmmədov

15 saylı Yasamal birinci: Ülvi Quliyev

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov

28 saylı Sabunçu: Eldar Quliyev

42 saylı Sumqayıt: Tahir Mirkişili

45 saylı Abşeron: Oqtay Əsədov

57 saylı Kürdəmir: Əminə Ağazadə

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı

67 saylı Cəlilabad şəhər: Malik Həsənov

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev

79 saylı İmişli: Razi Nurullayev

81 saylı Beyləqan: Şahin İsmayılov

91 saylı Ucar: Ramil Həsən

92 saylı Zərdab-Ucar: Əliyeva Jalə

95 saylı Tərtər: Sahib Alıyev

109 saylı Balakən: Nəsib Məhəməliyev

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov

Bəzi namizədlərin seçkidə baş verən pozuntularla bağlı artıq Respublika Baş Prokurorluğuna müraciət etdiyi və təkzibolunmaz faktlar ortaya qoyduqları haqda da məlumatlar yayılıb.

İndi ictimaiyyəti maraqlandıran əsas məsələlərdən biri qanun pozuntuları ilə bağlı kimlərinsə cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyidir. Bu məqamda Azərbaycan Republikasının Cinayət Məcəlləsindən seçkilərlə bağlı bəzi maddələri diqqətə çatdırırıq.

Məcəllənin 160-cı maddəsi seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə ilə bağlıdır. Həmin maddənin 1-ci bəndində qeyd olunur ki, bu qanunu pozan şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırlar.

Eyni hərəkətlər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 161-ci maddəsində isə aşağıdakılar qeyd olunub:

Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma

161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

İndi isə Seçki Məcəlləsinə diqqət yetirək. Məcəllənin 11-ci maddəsinin 1.1-ci bəndində qeyd edilir ki, hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

Seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətmək (2.6.7.) və seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmaq (2.6.11.) Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində məsuliyyətə səbəb olur.

MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermə günü baş vermiş pozuntuların 90-95 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir:

“İnsanlar müşahidə etdiyi məlumatı sosial şəbəkəyə yerləşdirir və biz də onu əsas götürürük. Sosial şəbəkələrdə neqativ hallarla bağlı paylaşım edən şəxslərə, blogerlərə təşəkkür edirəm. Heç bir şikayət video görüntüləri əvəz edə bilməz”.

M.Pənahov bəzi qanun pozuntularının cinayət tərkibi daşıdığını da bildirib və hazırda araşdırmaların davam etdiyini vurğulayıb.

Son xəbərlər