SİZİN REKLAM BURADA!
055 213 76 73


9 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlikləri qeydə alınmış şəxslər təbliğat-təşviqat kampaniyalarını davam etdirirlər.

BAKU.WS xəbər verir ki, əksər namizədlər qanunla tənzimlənmiş formada və bütün namizədlər üçün nəzərdə tutulmuş bərabər hüquqlar çərçivəsində seçiciləri ilə görüşlər keçirir.

Lakin bəzi siyasi partiyalar və şəxslər təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia ediblər. İddialara görə, təbliğat-təşviqat zamanı namizədlər arasında bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati yollarla maneçilik törədilib. Bundan başqa, bəzi seçki dairələrində plakatların cırılması faktlarının olması ilə bağlı da şikayətlər edilib.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hər hansı neqativ halla bağlı MSK-ya müraciət daxil olsa, buna baxılacaq:

“Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verməyəcəyik. Hansısa əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur. Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Bu, dünyanın hər yerində belədir. Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”.

Bu arada, MDB-dən olan müşahidəçilər Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Göygöl rayonları və Gəncə şəhərindəki dairə seçki komissiyalarında olublar. Müşahidəçilər davam edən təbliğat-təşviqat kampaniyasına da xüsusi diqqət yetiriblər. Dairə seçki komissiyalarının rəhbərləri müşahidəçilərə bütün namizədlər üçün qanunda nəzərdə tutulmuş təşviqat imkanı verildiyini diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, seçki qanunvericiliyinin pozulmasına dair hər hansı şikayət və iddia daxil olmayıb.

Rusiya Federasiya Şurasının Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçev də açıqlamasında deyib ki, problem müşahidə edilməyib:

“Azərbaycan tərəfindən bu seçkilərə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də MDB Parlamentlərarası Assambleyası vasitəsilə müşahidəçilər göndərməklə bağlı dəvət aldıq. Hazırda seçkilərə hazırlıq prosesi gedir. Hər hansı bir narahatlıq müşahidə etmirik. Fevralın 9-da keçiriləcək parlament seçkilərində dost Azərbaycan xalqına uğurlar arzulayırıq”.

Məlumat üçün bildirək ki, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir.

Seçkilərə bu qədər maraq olması namizədlərin seçkilərin şəffaf keçəcəyinə olan inamıdır. Təkcə namizədlər deyil, onların seçki prosesində iştirak edən təbliğat-təşviqat komandalarını da nəzərə alsaq, minlərlə insan bu prosesdə birbaşa iştirak edəcək. Bu isə Azərbaycan siyasi mühiti üçün böyük kadr potensialı deməkdir. Doğrudur, namizədlər arasından cəmi 125 nəfər Milli Məclisə mandat qazanacaq. Lakin, deyə bilərik ki, qarşıdan gələn dövrdə ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu insanların imkanlarından yararlanmaq mümkün olacaq.

Xüsusi vurğulayaq ki, seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır.

Təşviqat kampaniyasında Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər.

Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri, kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması, yayılması qanunla qadağan edilməyən digər üsullarla aparıla bilər.

Qeyd edək ki, Azərbaycandakı seçkilərə digər ölkələrdən də böyük maraq var. Belə ki, seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı isə 54 min 292 nəfərdir.

BAKU.WS