Belçikadan olan azərbaycanlı sahibkardan daha bir nümunəvi addım: yaralı əsgərlərimizə baş çəkilib
Belçikadan olan azərbaycanlı sahibkarın təşəbbüsü ilə yaralı qazilərimizlə görüş keçirilib.
Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq başda Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Ordumuzun şücaəti sayəsində Azərbaycanın yeni şanlı tarixi yazılır.
Yüzlərlə igid oğullarımız döyüşlərdə qəhrəmancasına iştirak edərək Vətənimizi yağı düşmənin işğalından azad edir.
Biz indi Azərbaycan xalqı olaraq heç vaxt olmadığımız qədər güclüyük. Yaşından, cinsiyyətindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər birimiz bir yumruq tək birləşmişik.
Hər kəs bacardığı maddi-mənəvi köməkliyi göstərərək Qarabağımızın işğaldan azad olunmasında öz dəstəyini, Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun yanında olduğunu göstərmək istəyir.
Kimisi aldığı az məbləğdə təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürür, kimisi yemək bişirərək yaralı əsgərlərimizə baş çəkir. Hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da Vətənin bu dar günündə qəlbinin Azərbaycanla döyündüyünü göstərməyə çalışır.
Bu soydaşlarımızdan biri də Azərbaycanın adını Avropada ləyaqətlə təmsil edən, Pure Energy Development (İsveçrə) və AVER (Belçika) Avropa şirkətlərinin rəhbəri, Belçikadan olan həmvətənimiz, sahibkar Elnur Əliyevdir.
Bütün azərbaycanlılar kimi, onun da qəlbində ən böyük arzulardan biri – Doğma Qarabağımızın erməni işğalından azad olunmasıdır.
Ona görə də E.Əliyev əlindən gələni əsirgəməyərək, Vətəndə baş verənlərin ciddiliyini və əhəmiyyətini nəzərə alaraq ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olan ailələrə, yaralı əsgərlərimizə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edir. Vətəni sevən vətəndaş kimi qəlbi hər zaman Azərbaycanla döyündüyünü öz əməllərində, öz təşəbbüslərində göstərir.
Elnur Əliyev hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu hərtərəfli dəstəkləyib, döyüşlər başlayandan şirkət işçilərinə şəhid ailələrinə maddi və mənəvi yardım göstərmək üçün təcili və məsuliyyətli tapşırıqlar verib.
Sahibkarın mətbuat katibi Günel İmaməliyeva bu barədə məlumat verərək bildirib ki, Elnur Əliyevin tapşırıqları yüksək səviyyədə yerinə yetirilir:
“Bu cür xeyriyyə aksiyaları gələcəkdə də davam etdiriləcək. Məsələn, gələcək planlarda şəhid ailələri üçün evlərin tikilməsi də nəzərdə tutulur”.
Bu gün isə Elnur Əliyevin təşəbbüsünün davamı olaraq şirkətin əməkdaşları yaralı qazilərimizə baş çəkiblər. Təxminən 30-a qədər yaralı əsgərimizə baş çəkərək onlara maddi-mənəvi dəstək göstərilib.
“Vətənimizin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərək yaralanan əsgərlərimizə baş çəkməyi, onların fədakarlıqları qarşısında az da olsa maddi-mənəvi nəsə köməklik göstərməyi özümüzə borc bildik. Onlardan bəzisi bir qolunu, bir ayağını itirmişdi. Bu mənzərəyə ürək ağrısı ilə baxdıq.
Lakin əsgərlərimizlə söhbət zamanı onların gözlərindəki mübarizəkarlıq işığından çox qürurlandım. Onların hər biri tez bir zamanda sağalaraq hətta fiziki cəhətdən əlil qalacaqlarına baxmayaraq, yenidən torpaqlarımızı düşməndən tam azad edənə qədər döyüşəcəklərini söylədilər. Bu, olduqca qürurvericidir. Başda Elnur Əliyev olmaqla, nümayəndəsi olduğum şirkət belə oğullarımızla fəxr edirik”, – deyə sahibkarın mətbuat katibi Günel İmaməliyeva yaralı əsgərlərimizlə görüş zamanı təəssüratlarını bizimlə bölüşdü.
Qeyd edək ki, bir neçə gün öncə şirkətin əməkdaşları Elnur Əliyevin təşəbbüsü ilə bir neçə şəhid ailəsini ziyarət edərək onlara maddi dəstək göstərib, ehtiyac duyduqları məişət əşyaları ilə təmin ediblər. Həmçinin şirkət nümayəndələri şəhid ailələrinə maddi köməkliklə yanaşı, mənəvi dəstək də göstəriblər. Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlmiş cəsur əsgərlərimizin ailələrinin kədərini bölüşərək onlara başsağlığı veriblər.
Yuxarıda qeyd edildiyi kimi, Elnur Əliyevin və onun rəhbərlik etdiyi Avropa şirkətləri şəhid ailələrini dəstəkləmək üçün xeyriyyə aksiyalarını gələcəkdə də davam edəcək.
Təqdirəlayiq haldır ki, bu cür aksiyaların keçirilməsini E.Əliyev ürəkdən sevdiyi Vətəni qarşısında borcu hesab edir və onun ən böyük arsuzu – erməni işğalından azad ediləcək doğma Şuşamızda evlər tikməkdir.
Oxşar xəbərlər
“NOWP Group” şirkətlər birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 225 000 AZN ianə etdi
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının döyüş tapşırığına əsasən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq anti...