"Vətənpərvər" maskalı satılmış qələm: "Akit" "yazar"ının etdiyi böyük xəyanət

Qüvvətli, qüdrətli olana, daim ədalətdən yana mövqe nümayiş etdirib, hər çətinliyin öhdəsindən uğurla gələnə, birlikdən qüvvət doğuranlara, qaranlığın tən ortasında Günəş kimi parıldayanlara həsəd apararlar.
Bu qüdrətin qarşısında aciz olanlar, öz çirkin xisləti ilə qaranlığa qərq olanlar, uğuru başqalarının faciəsində görənlər həsəd aparmaqdan başqa nə qanırlar ki?..
BAKU.WS Oxu.Az-a istinadən yazır ki, məhz Azərbaycan-Türkiyə münasibətlərinə həsəd aparanlar kimi...
Axı geosiyasi vəziyyətə nəzər saldıqda, sadəcə, Azərbaycan-Türkiyə münasibətlərində yuxarıda sadaladığımız möhtəşəmliyin təzahür etdiyini görürük. Dünyanın ədalətsizliklə dolub-daşdığı bir dövrdə bütün bəşəriyyətə qardaşlığın nümunəsini məhz bu iki dövlət göstərir axı, dünya tarixində, sivilizasiyanın qət etdiyi uzun əsrlər ərzində bunun ikinci bir nümunəsi yoxdur axı...
Elə isə bu cür nadir bir möhtəşəmliyin düşmənlərinin olması da çox təbiidir. Parlayan cavahiratı xatırladan münasibətlərimizə ləkə salmaq, gücünü birlikdən alan xalqlarımıza zərər vurmaq, dövlətlərimizin qüdrətinə xələl gətirməyə çalışmaq həsəd aparan quldurların əsl simasıdır.
Bu həsəd özünü müxtəlif dövrlərdə müxtəlif şəkildə büruzə verib. Son dövrlərdə isə Türkiyənin "Akit" nəşri bu prosesin əlaltısına çevrilib. Hər halda görünən mənzərə odur ki, bu qəzetin redaksiyasında xəmiri vətənə xəyanətlə yoğrulmuş biri var gücü ilə hansısa qüvvələrin sifarişinə oynayır, ağaları deyir, sat vətənini, sat xalqını, qardaşlığa, dostluğa xəyanət et, o da gözünü qırpmadan əsl xislətinə uyğun gələn iyrənclikləri böyük şövqlə ortaya qoyur.
Söhbət "Akit" nəşrinin "yazar"ı Kenan Alpaydan gedir. Sözügedən şəxs öz qələmini Azərbaycan-Türkiyə dostluğuna düşmən kəsilən qüvvələrin maraqlarına satıb. Odur ki, son dövrlərdə göstərdiyi özfəaliyyət də məhz bu xəyanətə hesablanıb. Özünə, millətinə, milli kimliyinə, dövlət maraqlarına, qardaşlıq bağlarına xəyanətə...
Kenan Alpay "Akit" nəşrində Azərbaycan əleyhinə qarayaxma kampaniyasının "memar"ıdır. O, Azərbaycanı İsraillə münasibətlər üzərindən hədəf seçir və heç bir əsası olmayan ittihamlar irəli sürərək ağalarının iki ölkə arasında münasibətlərdə gərginlik yaratmaq, bağlara xələl yetirmək naminə qələmə sarılmaq tapşırığını icra üçün cəhdlər göstərir.
Üstəlik, bu "yazar" bütün bunları edərkən özünü milli təəssübkeş, qəhrəman kimi qələmə verməyə çalışır. Kenan Alpay düşünür ki, Türkiyədə geosiyasi vəziyyəti onun kimi dəqiq qiymətləndirən və "yüksək istedada malik", vətənini hərtərəfli sevən ikinci bir adam yoxdur. Ya belə düşünür, kənar qüvvələrin əlaltısı kimi həqiqətlərə kor baxdığını unudur, ya da özünü belə qələmə verir. Hər iki halda Kenan Alpayın qələmi riyakarlığın "ən böyük" alətinə çevrilib.
Türkiyə-Azərbaycan qardaşlığının mahiyyətini, dövlətlərarası münasibətlərin gücünü xalqların sevgisindən və birliyindən aldığını unudan bu "satılmış qələm" utanmadan Türkiyənin ən yaxın müttəfiqi, ən əzəli dostu, qardaşı, xalqının "can" dediyi Azərbaycana böhtan atmağa cürət edir. Bu mənada vurğulamaq lazımdır ki, sözügedən şəxsin riyakarlığı qələmini kölgədə qoyur. Bütün bu iyrənc əməlləri törədən "yazar" hələ utanmadan özünü vətənpərvər biri kimi qələmə verir. Necə deyərlər, utanmasan, oynamağa nə var ki...
Ancaq Türkiyə-Azərbaycan qardaşlığı bütün bu riyakarlıqların fövqündə, heç bir satılmış qələmin xələl gətirə bilməyəcəyi səviyyədədir.
Kenan Alpayın xəyanətinin mahiyyəti təkcə bununla da bitmir. O, təkcə jurnalist qələminə, vətəninə, xalqına, dövlətinə deyil, eyni zamanda, çiyin-çiyinə çalışdığı yoldaşlarına, həmkarlarına, redaksiyasına da xəyanət edib.
Çünki "Akit" nəşrinin fəaliyyəti ilə tanış olanlar bilirlər ki, bu nəşr bir çox hallarda Azərbaycan-Türkiyə münasibətlərini dəstəkləyib, ancaq onun bir üzvü olan Kenan Alpay bu gün öz qələmini satmaqla öz redaksiyasının siyasətinə, amalına da xəyanət edir, həmin siyasətə zidd mövqe nümayiş etdirir.
Bu, öz komandasına, həmkarlarına, yoldaşlarına xəyanət deyil də, nədir?
Bu gün Türkiyə-Azərbaycan qardaşlığı beynəlxalq münasibətlər müstəvisində analoqu olmayan bir nümunədir. Bu cür qüdrətli bir birliyi nəinki dağıtmaq, hətta hər hansı bir yolla sarsıtmaq belə Kenan Alpay kimi "yazar"ların təxəyyülünün sərhədlərini aşan məsələdir.
Azərbaycanın qardaş ölkə iqtisadiyyatına verdiyi töhfəni görməzdən gələn bu şəxs, həmçinin Türkiyədə ağalarının, xidmət etdiyi qüvvələrin əlaltılarının təşkil etdiyi SOCAR və Azərbaycan əleyhinə tədbirlərin fəal iştirakçısıdır. Bəzi hallarda isə iştirakçılıqdan əlavə, həm də təşkilatçıdır. Bütün bunlar onun qələminin xidmət etdiyi əsl maraqları gün kimi ortaya qoyur.
"Akit" nəşrinin "vətənpərvər" yazarı, sadəcə, özünü qəhrəman kimi qələmə verən, əslində isə öz xalqına, doğmalarına, peşəsinə, yoldaşlarına xəyanət edən bir əlaltıdır. Azərbaycanı, Türkiyəni, bu iki dövlətin birlikdə artan qüdrətini, parlaq gələcəyini qısqanan, həsəd aparanların satılmış qələmidir...
Oxşar xəbərlər
Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur
Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur. BAKU.WS xəbər verir ki, bununla bağlı Milli Məclisin iyunun 21-də ke...
