Vaşinqtondakı insident Azərbaycan dövlətinin qətiyyətli mövqeyinə təsir edə bilməz
Vaşinqtonda baş verən insident Azərbaycan dövlətinin qətiyyətli mövqeyinə təsir edə bilməz.
BAKU.WS xəbər verir ki, bunu "Report" açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.
O qeyd edib ki, Vaşinqtonda baş verən insident bəzi dairələrin siyasi mübarizəni açıq təxribat müstəvisinə daşımaqdan çəkinmədiklərini göstərib:
"Yüksək səviyyəli beynəlxalq tədbirin keçirildiyi gün təhlükəsizlik perimetrinin pozulmasına cəhd edilməsi, təhrikedici şüarların səsləndirilməsi və qarşıdurma yaratmağa yönəlmiş davranışlar demokratik etiraz mədəniyyəti əsasında deyil, məqsədli gərginlik yaratmaq niyyəti ilə izah oluna bilər. Bu cəhdlərin qarşısının hüquq-mühafizə orqanları tərəfindən alınması hüquqi dövlət prinsipinin təzahürüdür və göstərir ki, qanun qarşısında hər kəs bərabərdir".
Deputatın sözlərinə görə, hadisədən dərhal sonra bəzi siyasi fiqurların və lobbi strukturlarının sərt ritorika ilə çıxış etmələri bu çərçivədə diqqətdən yayınmayan məqamlardandır:
"Xüsusilə, Frank Pallonenin Azərbaycana münasibətdə illərdir sərgilədiyi mövqe fonunda bu reaksiyalar yeni siyasi xətt deyil, davamlı yanaşmanın növbəti epizodu kimi görünür. Onun Azərbaycanla bağlı məsələlərdə uzun müddətdir tənqidi və birtərəfli mövqe tutması, regiondakı reallıqları siyasi ritorika predmetinə çevirməsi dəfələrlə müzakirə mövzusu olub. Onun ABŞ Konqresində 907-ci düzəlişlə bağlı təşəbbüslərdə iştirakı, Qarabağ məsələsi ətrafında əsassız bəyanatları və münaqişə dövründə səsləndirdiyi fikirlər bu mövqenin təsadüfi olmadığını təsdiqləyir".
E.Akimovanın fikrincə, siyasi polemika ilə düşmənçilik ritorikası arasında incə xətt aşılarkən münasibətlər dialoq müstəvisindən uzaqlaşır:
"Azərbaycanla bağlı mövzuların hər insident fonunda emosional ittiham predmetinə çevrilməsi, regionda sülh və əməkdaşlıq gündəliyinə xidmət etmir. Bu cür yanaşma obyektiv təhlildən çox ideoloji qarşıdurma təsiri bağışlayır və nəticədə faktlar deyil, siyasi mövqelər ön plana çıxır.
Vaşinqtondakı insident bir daha sübut etdi ki, beynəlxalq münasibətlərdə təzyiq ritorikası və təxribat cəhdləri müvəqqəti informasiya effekti yarada bilər, lakin dövlətlərin mövqeyini dəyişmir. Azərbaycan prinsipial siyasət yürüdən dövlətdir və onun beynəlxalq mövqeyi emosional ittihamlarla deyil, hüquqa əsaslanan ardıcıl diplomatik xətlə müəyyən olunur. Siyasi mübarizənin sərtliyi nə qədər artsa da, dövlətlərarası münasibətlərin gələcəyini qarşıdurma deyil, reallıqlara əsaslanan məsuliyyətli yanaşma müəyyənləşdirir".
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Meğridə qırğınlar olub, camaatın çoxu Zəngilana qaçıb"
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırla...