Türkmənistanda seçkilər keçirilir, Berdiməhəmmədovun oğlu prezidentliyə namizəddir

Türkmənistanda seçkilər keçirilir, Berdiməhəmmədovun oğlu prezidentliyə namizəddir
Siyasət 127

Türkmənistan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bazar ertəsi ölkədə növbədənkənar prezident seçkiləri üzrə seçki kampaniyasının birinci mərhələsi, namizədlərin irəli sürülməsinə başlanılıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Türkmənistan Demokratik Partiyasının IX fövqəladə qurultayı hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun oğlu, Baş nazirin müavini Serdar Berdiməhəmmədovun 12 mart seçkilərində Türkmənistan prezidentliyinə namizədliyini irəli sürüb.

Ölkə qanunlarına əsasən, Türkmənistanda anadan olmuş, yaşı qırxdan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən ölkə vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan prezidenti birbaşa ölkə xalqı tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur.

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər.

Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var - Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.

Serdar Berdiməhəmmədova gəlincə, o, 1981-ci ildə anadan olub və S.A.Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetini mühəndis-texnoloq ixtisası üzrə bitirib. 2008-2011-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə mütəxəssis olub.

2011-2013-cü illərdə o, həmçinin Cenevrədə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb, Avropa və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis olub. 2018-ci ilin martında Serdar Berdiməhəmmədov Türkmənistan xarici işlər nazirinin müavini təyin edilib. Sonra yenidən Türkmənistan Məclisinə (parlament) deputat seçilib. 2019-cu ilin yanvarında Serdar Berdiməhəmmədov Türkmənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, Axal vilayəti rəhbərinin müavini təyin edilib. 2019-cu ilin iyun ayında o, müavin vəzifəsindən azad edilərək bu vilayətə rəhbər təyin edilib. Serdar Berdiməhəmmədov 2020-ci ilin fevralından Türkmənistanın sənaye və tikinti istehsalı naziri vəzifəsində çalışır. 2021-ci ilin fevralından Baş nazirin müavini vəzifəsində çalışır. Serdar Berdiməhəmmədov həmçinin Beynəlxalq Axal-Təkə Atçılıq Assosiasiyasına və Beynəlxalq “Türkmən Alabay” Assosiasiyasına rəhbərlik edir.

Son xəbərlər