Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana nə verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya-Türkiyə münasibətləri həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır. Onların biri-birindən xoşu gəlmir, lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün biri-birilərindən kənarda da dura bilmirlər".
Bu fikirləri BAKU.WS saytına açıqlama verən "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçisi Vüqar Ziferoğlu bildirib. Onun sözlərinə görə, istənilən halda bu iki ölkə arasında münasibətlərin normal məcraya düşməsi, müəyyən müsbət dəyişikliklərin baş verməsinə münbit şərait yarada bilər.
"Mən dəfələrlə qeyd etmişəm ki, Rusiya ilə Türkiyənin münasibətlərini rəqabət içində fərqli hədəfləri olan iki böyük qüvvənin xarici və daxili şərtlərin təsiri ilə yaranmış ittifaqı kimi qiymətləndirmək olar. Bu münasibətlərin hansı dərəcədə ciddi müttəfiq səviyyəsinə qalxmasını müəyyənləşdirən amillər, məhz xarici təsirlərdir. Bu gün, hazırki dönəmdə istər Yaxın Şərqdə, istər post-Sovet məkanında baş verənlər, eləcə də Qərb-Rusiya, Qərb-Türkiyə münasibətləri, bu münasibətlərin konturlarını cızan başlıca amillərdir. Təbii ki, şərtlər bu iki dövlətin biri-biri ilə yaxınlaşmasını indiki dönəmdə az qala məcburi xarakter almasına səbəb olur. Hər halda belə yaxınlaşma, heç şübhəsiz ki, bir çox məsələlərə öz təsirini göstərəcək".
Ekspert hesab edir ki, Rusiya-Türkiyə münsibətləri həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır: "Onların biri-birindən xoşu gəlmir, lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün biri-birilərindən kənarda da dura bilmirlər. Hələbin Əsəd qüvvələrinin, Palmıranın isə İŞİD-in təkrar nəzarətinə keçməsi ilə bölgədə son dərəcə mürəkkəb vəziyyət yaranıb. Hazırda Suriyadakı qarşıdurma yeni fazaya daxil olur.
Bu mərhələdə, Hələb kimi ciddi strateji məntəqəni ələ keçirən iqtidar qüvvələri; bunda Əsəd rejiminə tam olaraq dəstək verən, eyni zamanda İraqda Mosul üzərinə edilən hücumlarda yerli iqtidarla tam əlbir şəkildə fəaliyyət göstərərək ətrafında formalaşdırdığı şiə hilalı ilə mövqelərini gücləndirən İran; Hələblə birlikdə müxalifətin nəzarətində olan digər önəmli məntəqə olan İdlibi ələ keçirməklə Suriyanın şimalında Lazkiyə, İdlib və Hələb üzərində üç bölgədən formalaşan koridoru nəzarət altına almağı planlaşdıran Rusiya; Hələb itkisi ilə razılaşmayan və hazırki dönəm üçün Rakkanı əsas hədəf kimi elan etsə də, mərkəzdə möhkəmləndikdən sonra şərqə doğru getməyi planlaşdıran və bunun üçün də kürd qruplaşmaları ilə müştərək hərəkət edən ABŞ (Qərb); Fəratın sol sahilini özü üçün prioritet elan edən və Suriya münaqişəsinin bu mərhələsində əsas hədəf olaraq əl-Babın nəzarətə götürülməsini qarşısına məqsəd qoyan və buna nail olan Türkiyə var. Moskvada Rusiya-Türkiyə-İran formatında keçirilən görüş də bir daha onu sübut edir ki, vəziyyət getdikcə daha qarışıq və içindən çıxması mümkün olmayan bir hal almaqdadır".
Vüqar Ziferoğlunun fikrincə, Türkiyə, Rusiya və İran üçlüyünün regiondakı hadisələrə birbaşa hər hansı təsiri olmayacaq: "Və ya olsa belə bu müsbət tərəfdən özünü göstərsin. İran prezidentinin Ermənistana səfəri buna ən bariz sübutdur. Hətta sualı belə də qoya bilərik ki, Türkiyə-Rusiya yaxınlaşması Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına təkan verə bilərmi? Yenə də cavabım, "xeyr”,- olacaq. Bu Rusiya-Türkiyə münasibətlərinin hansı səviyyədə olması və ya gələcəkdə yüksəlməsindən asılı deyil. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ikinci tərəf, Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Yəni, bu işğal faktı var olduğu müddətdə Rusiya ilə münsibətlər hansı səviyyədə olursa-olsun, bu Ermənistanla münasibətlərin normallaşmasına səbəb olmayacaq".
Orxan Muxtarlı
BAKU.WS
Oxşar xəbərlər
Putinə Qarabağla bağlı addım atmağa mane olan səbəb bəlli oldu
Son üç gündür ki, regionda ard-arda keçirilən görüşlər Qarabağ münaqişəsinin tezliklə həll olunacağı ab-havasını yaradıb. Öncə Bakıda Rusiya-İran-Azərbaycan üçt...