Son iki ayda iki qətnamə - Avroparlamentin davam edən anti-Azərbaycan hikkəsi

Son iki ayda iki qətnamə - Avroparlamentin davam edən anti-Azərbaycan hikkəsi
Şərh
Siyasət 118

Avropa Parlamentinin bu gün Azərbaycana qarşı qəbul etdiyi qətnaməni birmənalı olaraq köhnə qitənin deputatlarının ölkəmizə qarşı illərdir davam edən qərəzli siyasətinin növbəti mərhələsi kimi qəbul etmək olar.

BAKU.WS "report.az"a istinadən xəbər verir ki, sənədin Azərbaycanda "5-ci kolon"un ifşasından sonra qəbul edilməsi isə öz növbəsində avroparlamentarilərin bu ifşadan narahat olduğunu nümayiş etdirir. Təbii ki, Avroparlament kimi qurumlar nə dərəcədə aqressivləşsələr də, qətnamə ifşa prosesini dayandıra bilməyəcək və əhəmiyyətsiz bir kağız parçası kimi qalacaq.

Azərbaycana qarşı hücumlar İkinci Qarabağ Müharibəsindən sonra daha da artması Qərbin bir sıra dairələrinin Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmədiklərini göstərir.

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) keçirilməsi ərəfəsində buna oxşar sənədə səs verənlər beynəlxalq səviyyəli tədbiri boykot etməyə səy göstərmişdilər. Xatırladaq ki, sözügedən parlament bu sənədi oktyabrda qəbul edib. Qurum üzvləri bununla təşkilatın patronu Fransa hakimiyyətinin Azərbaycana qarşı apardığı kampaniyanı dəstəkləməyə çalışmışdı.

Qətnamənin COP29 ərəfəsində qəbulu məhz qərəzin göstəricisi idi.

Avroparlamentin son iki ayda iki qətnamə qəbul etməsi onun anti-Azərbaycan hikkəsinin göstəricisi sayıla bilər. Bu, respublikanın inkişafına və beynəlxalq miqyasda nüfuzunun artmasına qurumun qısqanmasından da doğur. Parlamentarilərin belə davranışı həm də bu seçkili orqanın seçicilərinə hörmətsizliyindən irəli gəlir.

Parlament üzvləri seçkiqabağı kampaniya zamanı verdikləri vədləri yerinə yetirməkdənsə, az qala hər ay anti-Azərbaycan ya qətnaməsi qəbul edir, ya da bu yöndə fikirlər səsləndirirlər.

Onların siyasi fırıldaqla məşğul olduqları qənaətinə gəlmək olar. O da sübut olunur ki, parlament müxtəlif ölkələrin siyasi sifarişlərini icra edir. Müxtəlif qrupların Azərbaycanda pozuculuq fəaliyyətinə bu qurum bir qayda olaraq susub.

Belə çıxır ki, Avropa Parlamenti də Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərənləri müdafiə edir. Rəsmi Bakıya onlar üçün şərait yaradılması üçün təzyiqlər edir. Parlamentin xaricdən qanunsuz maliyyələşən və idarə olunan şəbəkə üzvlərinə dəstək vermələri təbiidir. Çünki "kor atın, axsaq nalbəndi olar".

Azərbaycan cəmiyyəti bu kimi beynəlxalq təşkilatların fəaliyyətində obyektiv olmayan münasibətin əvvəllər də şahidi olub.

Hadisələrdən çıxış edərək, eləcə də beynəlxalq qanunlara əsasən, deyə bilərik ki, bu cür qətnamələrin heç bir önəmi yoxdur. Azərbaycan beynəlxalq arenada özünü təsdiq edən, dayanıqlı dövlətdir. Məhz bunun nəticəsidir ki, ölkə bir çox mötəbər tədbirlərə ev sahibliyi edir və noyabrda Bakıda baş tutan COP29 buna əlavə bir sübutdur. Azərbaycan bir sıra birlik və təşkilatlarda bərabərhüquqlu üzvdür. Elə bu gün Azərbaycan D-8 kimi (İnkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi əməkdaşlıq təşkilatı) təşkilata üzv olub.

Ancaq Azərbaycan dövlətinin əleyhinə olan, Avropa Parlamenti və başqaları tərəfindən maliyyələşən, dəstəklənən qruplar, dəstələrin gələcəkdə ifşası, neytrallaşdırılacağı istisna deyil. Bu, Azərbaycan Respublikasının dövlət və təhlükəsizlik maraqlarının tələbidir.

Son xəbərlər