SOCAR dekarbonizasiya və biznes transformasiyası ilə bağlı planlarını açıqlayıb

SOCAR dekarbonizasiya və biznes transformasiyası ilə bağlı planlarını açıqlayıb
Siyasət 43

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər şaxələndirilmiş karbohidrogen və aşağı karbonlu biznes portfelinə malik yüksək səviyyəli milli enerji şirkətinə çevrilməyi, 2050-ci ilə qədər isə qlobal enerji təhlükəsizliyinə və iqlim dayanıqlığına töhfə verməyi planlaşdırır.

BAKU.WS xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən "SOCAR-ın dekarbonizasiyada irəliləyişi: problemlər və nailiyyətlər" adlı sessiyada bildirib.

SOCAR-ın planlarını açıqlayan Ə.İsayev bildirib ki, şirkət məqsədlərinə nail olmaq üçün üç əsas istiqaməti müəyyən edib: "Əsas biznesin dekarbonizasiyası üzrə birinci istiqamət çərçivəsində şirkət emissiyaları fəal şəkildə azaldır və artıq bu sahədə ilk uğurlara nail olub. İkinci istiqamət təşkilati transformasiyadır. Korporativ mədəniyyətin dəyişdirilməsi və daxili proseslərin adaptasiyası enerji keçidinin dəstəklənməsinə yönəlib. Aşağı karbonlu biznesin inkişafını nəzərdə tutan üçüncü istiqamət çərçivəsində SOCAR hüquqi cəhətdən məcburi razılaşmalarla möhkəmləndirilmiş dörd layihənin icrasına başlayıb".

Onun sözlərinə görə, Dövlət Neft Şirkəti emissiyaların azaldılması üçün doqquz vasitə seçib və son hədd xərclərinin əyrisini (MACC) hazırlayıb: "Hələlik bunu açıqlamırıq, çünki bu, məxfi məlumatdır. Lakin artıq metan emissiyalarının azaldılması, emal və hasilatda enerji səmərəliliyinin artırılması kimi istiqamətlərə üstünlük veririk".

SOCAR dekarbonizasiya ilə bağlı vəzifələrin öhdəsindən daha səmərəli şəkildə gəlməyə kömək edəcək texnoloji tərəqqiyə ümid edir.

"Biz artıq külək və günəş enerjisi sahəsində əhəmiyyətli irəliləyiş müşahidə etmişik və indi emissiyaların azaldılmasını daha az qorxulu proses edəcək yeni texnoloji nailiyyətlərə ümid edirik. Məhz buna görə də əsas diqqəti metan sızmalarının azaldılması kimi əlçatan və səmərəli həllərə yönəldirik. Bu, nisbətən sadə və ucuz başa gələn proses olmaqla yanaşı, iqtisadi potensiala da malikdir, yəni xərcləri qismən ödəyir.

Növbəti istiqamət enerji səmərliliyinin artırılmasıdır. Biz artıq emal sektorunda belə tədbirlərin tətbiqinə başlamışıq və gələn il onların hasilat əməliyyatlarını da əhatə etməsini planlaşdırırıq. Bu da ardıcıl yanaşma tələb edən sadə məsələdir. Qazın yandırılma həcmlərinin azaldılmasına gəldikdə, bu istiqamətdə də tezliklə paylaşacağımız yaxşı xəbərlərimiz var.

Bununla yanaşı, biz bərpa olunan enerji mənbələrindən istifadəni fəal şəkildə inkişaf etdirir və tərəfdaşlarımızla onların inteqrasiyası üzərində işləyirik", - SOCAR-ın vitse-prezidenti qeyd edib.

A.İsayev qeyd edib ki, transformasiya proqramı çərçivəsində ötən ilin dördüncü rübündə strukturda "Enerji keçidi, ətraf mühit və dekarbonizasiya" adlı yeni seqment yaradılıb:

"Biz bu çağırışlara uyğunlaşmaq üçün şirkətin daxili proseslərini yenidən nəzərdən keçirdik. Əlbəttə, belə dəyişikliklər müəyyən narahatlıqlar yaradır. Amma bu təbiidir. Neft-qaz sənayesində toplanmış bacarıqları bərpa olunan enerji sahəsində və dekarbonizasiya üzrə tapşırıqların həyata keçirilməsində uğurla tətbiq etmək olar. Artıq bu prosesə başlamışıq və bu, bizi daha cəsarətli şəkildə irəli addımlamağa ruhlandırır. Bizə güc və əlavə motivasiya verir".

SOCAR-ın vitse-prezidenti bildirib ki, neft-qaz sektoru onilliklər ərzində ən yaxşı mütəxəssisləri - texnoloqları, mühəndisləri, hüquqşünasları və maliyyəçiləri cəlb edib: "Bu, onların bacarıqlarının enerji keçidi tapşırıqlarına uğurla uyğunlaşdırılması üçün möhkəm təməl yaradır. Bu bacarıqları dekarbonizasiyanın dəstəklənməsi üçün konvertasiya və modifikasiya etmək o qədər də çətin deyil. Biz artıq əməkdaşları həvəsləndirmək üçün əsas performans göstəricilərini (KPI) tətbiq etmişik. Mənim də öz KPI-m var. Artıq bir neçə aydan sonra məni qiymətləndirəcəklər".

A.İsayev enerji keçidi çərçivəsində əməkdaşlığın vacibliyini də vurğulayıb: "Biz COP28 zamanı "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"na (OGDC) qoşulmaq imkanına görə təşəbbüskarlarına çox minnətdarıq. Bu, dekarbonizasiya, enerji keçidi və metan emissiyalarının azaldılması sahəsində birgə iş üçün ən böyük platformadır. Xartiya neft-qaz sənayesinin 44 %-ni birləşdirir. Biz texnologiyaları, təcrübəni bölüşürük, səhvləri təhlil edirik, bir-birimizi dəstəkləyir və tənqid edirik. Bu da bizi yalnız gücləndirir. Bu platforma cəmi bir ildir fəaliyyət göstərir, lakin artıq ümumi məqsədin irəliləməsinə əhəmiyyətli töhfə verib".

Vitse-prezident SOCAR-ın "Metan Tərəfdaşlığı 2.0" təşəbbüsünə qoşulması barədə danışaraq onun əhəmiyyətini vurğulayıb: "Biz bu ilin avqustunda onun üzvü olduq. Daha sadə izah etmək üçün, hər kəs MHBS - Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının nə olduğunu bilir. Bu, mühasibat uçotu və maliyyə üçün universal dildir. İndi eyni şey metana da tətbiq olunur. Tərəfdaşlıq çərçivəsində biz ilk hesabatı 2025-ci ilin may ayında təqdim etməliyik".

Onun sözlərinə görə, SOCAR bu prosesə BP ilə birlikdə başlayıb: "Əsas diqqət metan üzrə təlimat prinsiplərinə və qlobal emissiyaların azaldılması proqramının təşviqinə yönəldilib. Start keçən ilin dördüncü rübündə verilib və proqram artıq əla nəticələr göstərib.

Bundan əlavə, biz öz təcrübəmizi digər ölkələr və kiçik neft-qaz şirkətləri ilə bölüşməyə başladıq ki, onlar yeni texnologiyaları tətbiq etməkdən qorxmasınlar. Onlara həm də təkrar etməmələri üçün buraxdığımız səhvlər haqqında danışırıq. Ölkələr və kiçik neft-qaz şirkətlərini öyrədərkən özümüz də öyrənməyə davam edirik".

O, həmçinin SOCAR-ın tarixində ilk Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) reytinqini almasına kömək edən "Bain & Company" ilə əməkdaşlığı xatırladıb: "Bu yaxşı nəticədir, lakin biz daha böyük hədəflərə can atırıq".

Son xəbərlər