Şuşanın azad edilməsi uğrunda Şəhid olan Vüsalın bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Cəmi 1 gün sonra... - FOTO

Şuşanın azad edilməsi uğrunda Şəhid olan Vüsalın bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Cəmi 1 gün sonra... - FOTO
Foto
Siyasət 597

Vüsal qollarını hər iki məktəbli uşağının boynuna dolamışdı. Sonra aşağı əyilib onların saçlarını sığalladı:

"Darıxmayın! Güclü Ali Baş Komandanımız və ordumuz var. Qələbə bizim olacaq və siz digər hərbçi övladları kimi qələbədən sonra hər zaman atanızla fəxr edəcəksiniz". O, ayağa durdu və onu nəzərləri ilə yola salan həyat yoldaşına gülümsəyərək "Qarabağ Azərbaycandır!" dedi.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, bu sözləri Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş Vüsal Məhərrəmovun bacısı Gülşad Abbasova qeyd edib.

O, qardaşı ilə bağlı qələmə aldığı cümlələrdə deyir:

"29 Sentyabr 2020-ci il... Minlərlə gəncimiz kimi Məhərrəmov Vüsal Aslan oğlu da İkinci Qarabağ Savaşına qoşulanlardan idi. 1979-cu ildə il Masallı rayon Hiskədərə kəndində doğulan Vüsal hələ 1997-2001-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan zaman Murovdağı yüksəkliyi istiqamətinə baxaraq tələbə yoldaşlarına "zaman gələcək, biz Kəlbəcərə qayıdacağıq" deyirmiş. Vüsalın ürəyində hər zaman vətən-torpaq sevgisi var idi. 2003-cü ildə zabit kimi Naxçıvanda hərbi xidmətdə olan zaman hərbi sirləri daha dərindən öyrənən Vüsal canından çox sevdiyi vətən uğrunda döyüşlərdə iştirak etmək hissi ilə yaşayırdı.

15 il əvvəl kiçik dünyasını yaratdı Vüsal. Gənc ailəsində vətənə 2 əsgər böyüyür. Özü isə Böyük Azərbaycan üçün yaşayırdı, bütün varlığı ilə ölkə üçün çalışırdı...

"Şuşa şəhərini azad edəcəyik. Birlikdə Qarabağın incisini ziyarət edərik..."

- Vüsal övladlarının saçlarını bir daha sığalladı və getdi... Canını qurban verəcəyi haqq savaşı üçün getdi...

7 Noyabr 2020-ci il tarixində - Şuşa şəhərinin işğaldan azad olunmasından bir gün əvvəl... Ölkəmizin ürəyi Şuşa ilə döyünürdü. Məhz qürur şəhərimizin azad olunmasından bir gün əvvəl ürəyi ilə yanaşı canı ilə də Şuşanın azad olması uğrunda vuruşan Vüsal şiddətli döyüşlərdə qəhrəmancasına gözlərini əbədi yumdu. Cəmi 1 gün sonra onun ruhu artıq işğaldan azad olmuş Şuşa şəhərində idi...

İllər keçəcək, 29 oktyabr 2020-ci ildə atalarını son dəfə qucaqlayan 2 gənc güclü və bütöv Azərbaycanın inkişafı naminə məhz Şuşa şəhərində öz hərbi andlarını içəcəklər.

"Salamat qalın" - ailəsi ilə vidalaşan Vüsal "Ən böyük arzum Şuşanı azad görməkdir" dedi və evinin qapısını bağladı, getdi döyüş şücaəti ilə... O, minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi üçün, onların evlərinin qapısının açılması naminə canını fəda verənlərdən oldu.

Bu qələbəni bizə yaşadanlardan olduğun üçün sənin ruhun qarşında baş əyirik, Vüsal! Yerin cənnətlik olsun. Əmin ol ki, hər zaman xalqımızın qəlbində yaşayacaqsan!"

Son xəbərlər