Seriyalı qatil Çarlz Mensonun müridi azadlığa buraxılacaq

Seriyalı qatil Çarlz Mensonun müridi azadlığa buraxılacaq
Siyasət 129

Seriyalı qatil və kult lideri Çarlz Mensonun ən gənc müridi 1969-cu ildə iki qətlə görə ömürlük həbs cəzasına məhkum edilmiş Lesli Van Houten şərti azadlığa buraxılacaq.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə “NBC News” onun vəkilinə istinadən məlumat yayıb.

Kaliforniya qubernatoru Qevin Nyusom ştatın Ali Məhkəməsində qərara etiraz etməyəcəyini açıqlayıb, çünki bu qərarın “uğurlu olacağı ehtimalı azdır”. Bundan əvvəl Nyusom dəfələrlə Lesli Van Houtenin şərti azadlığa buraxılmasına əngəl olmuşdu, sonuncu dəfə bunu 2022-ci ildə etmişdi.

Bu ilin may ayında apellyasiya məhkəməsi qubernatorun qərarını ləğv edərək 73 yaşlı qadının şərti azadlığa buraxılması barədə qərar çıxarıb.

Van Houten 1971-ci ildə Los-Ancelesdə ərzaq mağazasının sahibi Leno Labianka və arvadı Rozmarinin qətlinə görə ölüm cəzasına məhkum edilib. Kaliforniya Ali Məhkəməsi ölüm cəzasını konstitusiyaya zidd elan etdikdən sonra cəza ömürlük həbslə əvəzlənib. Van Houten həyatının 50 ildən çoxunu həbsxanada keçirib.

Qeyd edək ki, Çarlz Menson 1960-cı illərin sonlarında ün qazanıb. O zaman bir müddət “Beach Boys” qrupuna üzv olmağa çalışan həvəskar gitaraçı Kaliforniyada “Ailə” adlı kommuna təşkil edib. Onun üzvləri narkotikdən istifadə edir və şeytana sitayiş edirdilər. Bundan əlavə, onlar Mensonun göstərişi ilə qətllər törədiblər.

Dəstənin ilk qurbanlarından biri dünyaca məşhur rejissor Roman Polanskinin hamilə həyat yoldaşı Şeron Teyt olub. Elə həmin gün Los-Ancelesdə tanınmış elitar bərbərin, çayxana sahibinin və təriqət üzvlərinin tanımadığı bir neçə nəfərin qətli törədilib.

Polis cinayətkarları müəyyən etməyə və “Ailə”nin bütün üzvlərini həbs etməyə nail olub. Onlar ölüm cəzasından yalnız 1972-ci ildə Kaliforniyada ləğv edilməsi ilə xilas olublar. Nəticədə məhkəmə Mensona doqquz ömürlük həbs cəzası verib.

Məhkəməsindən sonra Menson haqqında bir neçə film və serial çəkilib. Bundan əlavə, Mensonun adı “Merilin Menson” rok qrupunun adının bir hissəsi olub və təriqət üzvlərindən Linda Kasabianın adını “Kasabian” qrupu götürüb.

Son xəbərlər