Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib

Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib
Foto
Siyasət 30

İndoneziya Azərbaycanı Asiya və Avropanın strateji qovşağında yerləşən, Qafqaz regionunun dinamik şəkildə inkişaf edən ölkəsi kimi nəzərdən keçirir.

BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində bu il yanvarın 30-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi deyib.

O qeyd edib ki, belə coğrafi mövqe Azərbaycanı İndoneziya üçün mühüm tərəfdaşa çevirir və müxtəlif sektorlarda əməkdaşlıq üçün yeni imkanlar açır:

"Biz gələcək əməkdaşlığın rəsmi əsası kimi möhkəm siyasi bünövrə formalaşdırmağı planlaşdırırıq. Bu kontekstdə qarşılıqlı fəaliyyətin ikitərəfli infrastrukturunu yaratmaq vacibdir. Əməkdaşlıq modeli kompleks, inteqrasiya olunmuş və bütöv olmalı, birdəfəlik təşəbbüsləri deyil, multiplikativ effektə malik sistemli qarşılıqlı fəaliyyəti əhatə etməlidir".

Diplomatın fikrincə, indiki mərhələdə İndoneziya və Azərbaycanın kompleks və strateji tərəfdaşlıq qurması zəruridir:

"İkitərəfli münasibətləri, o cümlədən iqtisadi və siyasi sahələrdə əlaqələri, həmçinin yüksək səviyyəli təmasları aktivləşdirməyi zəruri hesab edirik. Bunun üçün biz iki ölkə liderləri arasında təmaslara ümid edirik".

Səfir vurğulayıb ki, İndoneziya ən böyük iqtisadiyyatlardan birinə, inkişaf etmiş sənaye bazasına, əhəmiyyətli təbii ehtiyatlara, o cümlədən nikel hasilatı sahəsində resurslara, həmçinin böyük insan potensialına malikdir.

Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib

"İndoneziya regionun ən çox əhalisi olan ölkələrindən biridir. Bununla yanaşı, ölkələrimiz bir çox cəhətdən oxşardır: həm İndoneziya, həm də Azərbaycan müsəlman, lakin dünyəvi dövlətlərdir", - o deyib.

Azərbaycanla iqtisadi münasibətlərə toxunan səfir ikitərəfli ticarətin cari dinamikasını, qarşılıqlı investisiya potensialını, əməkdaşlıq prioritetlərini, həmçinin qarşılıqlı fəaliyyətin praktiki formatlarını - o cümlədən biznes forumların təşkilini və daha genişmiqyaslı mümkün təşəbbüsləri müzakirə edildiyini bildirib:

"Mənim qiymətləndirməmə görə, bizdə İndoneziya və Azərbaycanın investisiyaları, biznesi, ticarəti və əməkdaşlığın digər formalarını fəal inkişaf etdirə biləcəyi 24 perspektivli sektor var".

Onun sözlərinə görə, ən çox prioritet təşkil edən sahələr arasında neft və qaz, o cümlədən birgə kəşfiyyat, hasilat və emal, "yaşıl enerji" və bərpa olunan enerji mənbələri yer alır.

Diplomat qeyd edib ki, kənd təsərrüfatı da prioritet sahələr sırasındadır - bura təkcə becərmə və istehsal deyil, həm də müasir kənd təsərrüfatı texnologiyaları, balıqçılıq, gəmilərin monitorinqi ilə bağlı texnologiyalarının ötürülməsi daxildir:

"Mənzil tikintisində isə çox böyük potensial mövcuddur. İndoneziyada hər il təxminən üç milyon mənzil inşa edilir və biz hər iki ölkənin şirkətlərinin qarşılıqlı investisiyaları üçün, məsələn, Naxçıvanda və ya Azərbaycanın digər regionlarında bir sıra imkanlar görürük".

Berlian Helmi bildirib ki, telekommunikasiya, aşağı orbitli peyklər, rəqəmsal infrastruktur, o cümlədən fiber-optik kabel xəttinin və mobil şəbəkələrin genişləndirilməsi də diqqət mərkəzindədir.

Bundan əlavə səfir, əczaçılığı - dərmanların, o cümlədən bitki mənşəli xammal əsasında birgə hazırlanmasını, bütövlükdə səhiyyəni - sistemlərin idarə edilməsi, xəstəliklərlə mübarizə üzrə təcrübə mübadiləsini qeyd edib.

"Biz artıq tibb mütəxəssisləri və tələbələrin mübadiləsini müzakirə etməyə başlamışıq. Hazırda Azərbaycan Tibb Universitetində tibb üzrə cəmi bir tələbəmiz təhsil alır.

Eyni zamanda əczaçılıq və vaksinlər sahəsində birgə tədqiqatlar, bundan əlavə, avtomobil istehsalı, elektromobillər daxil olmaqla dördüncü sənaye inqilabının texnologiyaları vacibdir. Biz İndoneziya istehsalçılarını tam satışdan sonra xidmətin göstərilməsi ilə Azərbaycan bazarına çıxarmağa hazırıq", - İndoneziyanın səfiri deyib.

Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib

Onun sözlərinə görə, əməkdaşlığın daha bir maraqlı sahəsi ərzaq təhlükəsizliyidir.

"Buraya isə Azərbaycan gübrələrinin İndoneziyaya tədarükü, bizdəki emal müəssisələrinə investisiyalar, əks istiqamətdə isə - Azərbaycandakı aqroplantasiyalara İndoneziya investisiyaları, müasir kənd təsərrüfatı avadanlıqlarının tədarükü və xidmətlərin göstərilməsi daxildir.

Turizm isə ən perspektivli istiqamətlərdən biridir. Biz artıq halal turizm haqqında saziş imzalamışıq. Əsas məsələ əlçatanlığı artırmaqdır. Birbaşa uçuşlar, vizalar, turizm paketləri və s. buaraya daxildir".

Səfir birbaşa uçuşlara doğru ilk addım kimi ümumi aviasiya sazişinin bağlanmasını təklif etdiyini deyib:

"Artıq azərbaycanlı turistlər üçün İndoneziyaya gəliş zamanı rahat elektron viza tətbiq olunur. Ümid edirəm gələcəkdə vizasız rejimə keçid baş verər. Bu, ikitərəfli məsləhətləşmələrdə və bəlkə də liderlərin danışıqları zamanı müzakirə olunacaq. Azərbaycan hökumətinin dəstəklədiyi daha bir vacib ideya: indoneziyalı zəvvarlar üçün Ümrə paketlərinə - Ciddədən əvvəl və ya sonra - Bakının daxil edilməsidir. Bu, İndoneziyadan turist axınını ciddi şəkildə artıracaq. Biz bu məsələ üzərində işləməyə tam hazırıq".

Diplomat deyib ki, İndoneziya və Azərbaycan müdafiə texnologiyaları sahəsini də fəal şəkildə inkişaf etdirir:

"Biz texnologiyaların ötürülməsi, birgə tədqiqatlar, innovasiyalar əməkdaşlıq təklif etməyə hazırıq. Təlimlər sahəsində əməkdaşlıq təklif edilə bilər. Hələlik konkret sənədlər yoxdur, lakin mən bu təşəbbüsü müzakirə etmək üçün müdafiə naziri ilə görüşməyi planlaşdırıram".

Son xəbərlər