Şəbnəm Həsənova: "Bəzi Avropa dairələri regional sülhə mane olur və şəxsi maraqlarını önə çəkir"
"Avropa təsisatlarında elə şəxslər və qruplar mövcuddur ki, onların atdıqları addımlar və səsləndirdikləri bəyanatlar Avropa İttifaqının ümumi maraqlarına deyil, daha çox şəxsi maraqlara xidmət edir. Cənab Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq bildirib ki, Avropada bəzi liderlər arasında populist yanaşmalar mövcuddur".
BAKU.WS xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, bu cür şəxslər siyasi məsuliyyətdən kənar davranaraq uyğunsuz ritorikadan istifadə edirlər ki, bu da yolverilməzdir:
"Cənab Prezident İlham Əliyev çıxışlarında Borelin və Metsolanın da adlarını açıq şəkildə qeyd edib. Son illər Avropa təsisatlarında baş verən korrupsiya qalmaqalları bu qurumların fəaliyyətinə kölgə salan əsas amillərdən biri kimi qiymətləndirilir. Borelin adının yenidən hallandırılması isə onun Azərbaycana qarşı qərəzli mövqeyi ilə əlaqələndirilir və görünür ki, regionla bağlı müəyyən planlar qurularkən ilk növbədə bu cür mövqedə olan şəxslərə müraciət olunur.
Maraqlıdır ki, vaxtilə Nikol Paşinyanı "demokrat lider" kimi təqdim edən dairələr bu gün fərqli yanaşma sərgiləyirlər. Paşinyan Ermənistanın dövlət kimi legitimliyinin hansı reallıqlardan keçdiyini anladığı üçün çıxışlarında və səfərlərində bunu açıq şəkildə nümayiş etdirir, müəyyən simvolik elementlərdən istifadə edir. Onun komandası da ölkəni yeni reallıqlar əsasında idarə etməyə çalışır. Lakin bu reallıqlar bəzi Avropa təsisatlarında təmsil olunan qüvvələrin maraqları ilə üst-üstə düşmür.
Nəticədə, təkcə Azərbaycanın deyil, artıq Ermənistanın da daxili işlərinə müdaxilə cəhdlərinin artdığı müşahidə olunur. Bu müdaxilələr hətta seçki proseslərinə təsir göstərmək niyyətlərini də əhatə edir. Eyni zamanda, insan hüquq və azadlıqları mövzusunda selektiv yanaşma diqqət çəkir. İllər boyu azərbaycanlıların hüquqları diqqətdən kənarda qaldığı halda, indi ermənilərdən istifadə edərək, guya onlara fərqli, humanist prizmalardan yanaşılır. Amma bu qruplar üçün insanların aqibəti deyil, öz maraqları lazımdır".
Şəbnəm Həsənova əlavə edib ki, bəzi qüvvələr Ermənistanda mövcud daxili gərginlikdən istifadə edərək proseslərə təsir göstərməyə və ümumi sabitliyi pozmağa çalışırlar:
"Bu kontekstdə Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinə mane olmaq istiqamətində addımların atıldığı, müxtəlif informasiya və siyasi kampaniyaların aparıldığı müşahidə edilir.
Bu cür fəaliyyətlər xalqların öz müqəddəratını müəyyən etmək hüququna təzyiq kimi qiymətləndirilməlidir və regionda formalaşmaqda olan sülh gündəliyinə ziddir. Söhbət təkcə Azərbaycana qarşı deyil, bütövlükdə regional sabitliyə yönəlmiş təsirlərdən gedir. Bu proseslərdə müxtəlif aktorların, o cümlədən xaricdə fəaliyyət göstərən bəzi maliyyə və təsir qruplarının iştirakı da var.
Eyni zamanda qeyd edilməlidir ki, Baş nazirin müavini hörmətli Şahin Mustafayevin rəhbərliyi ilə keçirilən görüş göstərir ki, Azərbaycan və Ermənistan heç bir vasitəçiyə ehtiyac duymadan birbaşa dialoq yolu ilə prosesləri irəli apara bilirlər. Lakin bəzi qüvvələr məhz bu prosesi zəiflətməyə və regional sülhə mane olmağa çalışırlar".
Oxşar xəbərlər
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı...