Rut Devis: "İqlim, təbiət və digər ekoloji problemlərə inteqrasiya olunmuş yanaşmanın tətbiq edilməsinin vaxtı
Suyun ekosistemlərin sağlamlığı, iqlim dəyişiklikləri, təbiət və qida təhlükəsizliyi arasında vacib əlaqə yaradır, bununla bağlı BMT çərçivəsində müxtəlif konvensiyalar arasında əməkdaşlığın gücləndirilməsi zəruridir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Krallığı Xarici İşlər Nazirliyinin ətraf mühit üzrə xüsusi nümayəndəsi Rut Devis (Ruth Davis) COP29 çərçivəsində keçirilən "İqlim üçün su: Su məsələlərinin NDC-lər və NAP-lara inteqrasiyası" adlı tədbirdə deyib.
O, qlobal ekoloji problemlərin həlli üçün sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb: "Su bu problemləri bir-birinə bağlayan əsas elementdir. Su ekosistemləri dəstəkləyir, sağlam ekosistemlər isə öz növbəsində su dövranını qoruyur. Suyun əhəmiyyətini prioritetləşdirməmək mümkün deyil".
R. Devis, tropik meşələrin su dövranındakı mühüm roluna xüsusi diqqət çəkib: "Sağlam tropik meşələr yağış dövranını tənzimləyir və milyonlarla insanın dolanışığını təmin edən tropik kənd təsərrüfatı hövzələrinə su verir. Bu qarşılıqlı əlaqə suyun və ekosistemlərin əhəmiyyətini bir daha sübut edir".
O hesab edir ki, iqlim, təbiət və digər ekoloji problemlərə daha inteqrasiya olunmuş yanaşmanın tətbiq edilməsinin artıq vaxtıdır: "Bu məsələləri bir problem kimi deyil, bir fürsət kimi görüb birlikdə həll yolları axtarmalıyıq".
Bundan əlavə, o, su məsələlərinin insanların həyatlarına birbaşa təsir edən problemlərlə əlaqələndirilməsinin vacibliyini diqqətə çatdırıb: "Davamlı iqtisadiyyata keçid asan olmaya bilər, lakin bu keçidi insanların dolanışığı və rifahına təsir edən məsələlərlə birləşdirmək mühümdür. Üst səviyyədə inteqrasiya yanaşmasını tətbiq etməklə yanaşı, yerli icmalarla birbaşa işləmək də əsasdır".
R.Devis suyun həm qlobal ekoloji problemlərin xəbərdarlıq siqnalı, həm də düzgün yanaşıldıqda ümid işığı olduğunu bildirib: "Bu təşəbbüs unikal bir yanaşmadır. Zaman keçdikcə bu sahədə hamınızla birgə işləməyi səbirsizliklə gözləyirəm".
Oxşar xəbərlər
UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bizim quracağımız təməl qoyulub. Bunu BMT-nin Ətr...