Rusiya-Ukrayna danışıqlarının pərdəarxası: "Ərazi güzəştləri qaçılmazdır"
"Rusiya və Ukrayna arasında keçirilən görüşlərin tarixçəsinə nəzər saldıqda görürük ki, rəsmi Kiyev əvvəl daha sərt mövqe sərgiləyirdi".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi ekspert Xəyal Bəşirov Əbu-Dabidə Ukrayna üzrə aparılan danışıqları şərh edərkən bildirib.
O vurğulayıb ki, rəsmi Kiyev daha əvvəl Rusiyanın şərtlərini qəti şəkildə qəbul etmirdi:
"Lakin Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Ukraynaya silah yardımları azaldı. Sözügedən ölkənin qarşı tərəfin şərtlərini qəbul etməsi real görünür. Donald Tramp ötən il Vladimir Putinlə görüşü zamanı Rusiya ilə razılığa gəlib. Bundan sonra baş verən proseslər göstərir ki, bu mövzu sanki bağlanıb. Bunu anlayan Zelenski Administrasiyası güzəştlərə getməyə məcbur qalıb. Fikrimcə, əvvəllər ərazi güzəştləri ilə bağlı şərtləri heç bir halda yaxın buraxmayan Ukrayna, mövcud reallıqlar fonunda ərazilərin boşaldılması məsələsini müzakirə edir. Lakin bu məsələdə hüquqi yanaşma mövcuddur. Digər ölkələrdə olduğu kimi, Ukraynada da sərhədlərin dəyişdirilməsi dövlət başçısının və ya hər hansı rəsmi şəxsin səlahiyyətinə daxil deyil".
X.Bəşirov bildirib ki, bununla bağlı ümumxalq səsverməsi keçirilməlidir:
"Zelenski də müxtəlif vasitələrlə deməyə çalışır ki, sözügedən məsələ onun səlahiyyətində deyil. Danışıqlar prosesinin uzadılması da ona hesablanmış ola bilər ki, Rusiya döyüşlər apararaq həmin əraziləri nəzarətə götürsün. Belə bir görüntü yaratmaq istəyirlər ki, guya rəsmi Moskva həmin əraziləri döyüş yolu ilə zəbt edib. Bu baxımdan aparılan danışıqlar Ukraynanı ciddi güzəştlərə məcbur edir. Görüşlər bu şəkildə davam etdikcə, Avropa razı olmasa belə, ABŞ-nin təzyiqləri ilə ərazi güzəştləri qaçılmaz olacaq".
Oxşar xəbərlər
Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin B...