Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərində bir sıra görüşlər keçirib
Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiyada olan Rumıniya Xilaskarlar Birliyi Partiyasının (USR) sədri Dominik Frits ilə rəsmi görüş keçirib.
Azərbaycan Rumıniyadakı səfirliyindən verilən məlumata görə, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.
Q.Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.
Öz növbəsində, mer Dominik Frits Timişoaranın "şəhər diplomatiyası" konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.
Bundan əlavə, səfir Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan "Müqəddəs Üç Hiyerarx" kilsəsini də ziyarət edib.
Qüdsi Osmanov, eyni zamanda, Timişoaraya səfər çərçivəsində Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan "Inokentsiu Klein" "Qocalar Evi"ni də ziyarət edib. Azərbaycanlı diplomat "Qocalar evi"nin sakinləri ilə söhbət aparıb, onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram hədiyyələri təqdim edib.
Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru, memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə 1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.
Oxşar xəbərlər
Armen Qriqoryan: "İndi biz münaqişəni deyil, sülhü necə möhkəmləndirməyi müzakirə edirik"
"2025-ci il avqustunda Vaşinqton şəhərində baş tutan və Ermənistanla Azərbaycan arasında sazişlə nəticələnən sammit regiona sülh gətirən və bütün ab-havanı dəyi...