Qərbi azərbaycanlılara məxsus abidələr, müqəddəs yerlərin bərpası gündəmə gəlməlidir
İkinci Qarabağ müharibəsindəki tarixi zəfərdən sonra Prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini gündəmə gətirdi, aktuallaşdırdı. Artıq bu, Azərbaycanın daxili və xarici siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycandakı tariximizin qorunması, vaxtilə doğma yurdundan qovulmuş soydaşlarımızın öz miraslarına sahib çıxması, geriyə dönməsi və ata-baba yurdunu ziyarət etməsi, orada yaşaması, işləməsi imkanlarının yaradılması ən vacib məsələlərdən biridir:
"Dəfələrlə həm Prezident İlham Əliyev, həm də Qərbi Azərbaycan İcması tərəfindən bəyan edilib ki, bizim Qərbi Azərbaycana dönmək istəyimiz humanizm, insan haqqıdır. Bu, heç bir halda qarşı tərəfin iddia elədiyi kimi, Ermənistana ərazi və torpaq iddiası deyil. Halbuki bizim tarixi və mənəvi haqqımız və iddiamız var və bu, olmalıdır. Qərbi Azərbaycanla bağlı məsələ həmişə aktualdır, gündəmdədir və xüsusilə Ermənistanla sülh müstəvisində bu, daha çox gündəmdə qalmalıdır".
Musa Quliyevin sözlərinə görə, sülh müqaviləsindən sonra Ermənistanla diplomatik əlaqələr qurulacaq və iqtisadi, humanitar münasibətlər bərpa olunacaq:
"Bu münasibətlərin tərkib hissəsi kimi Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına dönməsi, ora turistik səfərləri, ilkin mərhələdə ən azı müqəddəs yerlərini, qəbiristanlıqlarını ziyarət etməsi, qədim tarixin bərpası imkanı yaradılmağı vacibdir. Sonrakı dövrlərdə isə artıq orada məskunlaşma, vətəndaşlıq, iş imkanları və s. məsələlər müzakirə oluna bilər. Dediyim kimi, bu aktualdır, bundan sonra da aktual olacaq".
Deputat diqqətə çatdırıb ki, Ermənistanda Qərbi azərbaycanlıların qəbiristanlıqları, məbədləri, abidələri, müqəddəs yerləri var və onlar dağıdılıb:
"Onların bərpası məsələsi də gündəmə gəlməlidir. Tarixi irsimizin Ermənistana gedib, yerində araşdırılması, vəziyyətinin yoxlanılması və bərpası məsələsində gələcəkdə Ermənistan hökumətinin qarşısında məsələ qaldırıla bilər. Bu, bizim insani haqqımızdır, hüququmuzdur və bərpası üçün də mübarizəmizi aparırıq.
Yenə qeyd edirəm, bu mübarizə sivil mübarizədir və Prezident İlham Əliyevin söylədiyi kimi, biz Qərbi Azərbaycana gedəcəyik. Amma ora tankla, topla, tüfənglə deyil, minik avtomobillərilə, mülki maşınlarımızla getməyi arzu edirik".
Oxşar xəbərlər
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...