Qərbi Azərbaycan Xronikası: Yolda stressdən hamilə qadınların övladları tələf oldu
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Dörd yaşında çıxdığım kəndimizin beynimə həkk olmuş mənzərəsi var" adlı veriliş Dərələyəz mahalının Paşalı rayonunun İstisu kəndində anadan olan Ceyhunə Şirəliyevanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin Terp kəndində, babasının yanında keçirdiyini, 4 yaşına qədər orada yaşadığını deyib: "Uşaq vaxtı kündə daşımaq üçün yarışırdıq. Kənddə ikimərtəbəli məktəb, Qara Seyid ocağı var idi. Nənəballı tayfasının qız-gəlinlərinin toxuduğu xalca məşhur idi. Kəndimizin zəngin təbiəti, Qoç bulağı, Çuxuryurd, Terp dağı, Gümüşxana biçənəyi indiyə kimi yadımdadır. Bu toponimlər Azərbaycan türklərinə xasdır.
Sakinlər çaşır, əvəlik yığardılar. Novruz fərqli bayram kimi keçirilərdi. Yumurtaları vaxtından əvvəl seçib boyayardıq. Qonşuların evinə "baca-baca"ya gedərdik. Toyda yallı oynayardıq, küsülülər barışardı".
Onun sözlərinə görə, 4 yaşında kənddən məcbur köçürülüblər: "Qarlı hava, qaranlıq gecə idi. Kənd camaatı yolda ermənilərin hücumlarına məruz qaldılar, əllərindən mal-heyvanını aldılar, hədə-qorxu gəldilər. Yolda avtomaşınlarını yandırdılar. Sakinlərə hücum çəkib, cavan oğlanlarımızı öldürdülər.
1988-ci il, noyabrların sonlarında hamı ailəsini kənddən çıxardı. Yolda hamilə qadınlarımız stressdən, həyəcandan doğum etdilər, övladları tələf oldu. Beləliklə, deportasiya nəticəsində kənd sakinləri doğma yurdlarından zorla çıxarıldı.
Hər şeyimiz kənddə qaldı. Əhalinin əksər hissəsi Qarabağ bölgəsinə köçürüldü və bu da sonradan ikinci faciəyə səbəb oldu. 1992-ci ildə Xocalı soyqırımı zamanı Terp kəndindən 19-dan çox insan şəhid oldu, itkin düşdü, girov qaldı. Bizim ailəmiz Mingəçevrə, oradan da Bakıya gəldi. Nənəm bu iqlimə uyğunlaşmadı və Şamaxının Meysəri kəndinə köçdü".
C.Şirəliyeva hazırda Terp kəndinin keçmiş sakinlərinin Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını və doğma yurda qayıdacaqları günü gözlədiklərini bildirib: "Məni həmin torpaqda babamın yeridiyi o ləpirlər səsləyir. Orada anadan olub, yaşadığım həyat tərzi, təbiət, yurd-yuvam geri çağırır. Orada yaşamaq bizim haqqımızdır. İnşallah, bu arzularıma çatacağıq və yenə də babamın əkdiyi ərik ağaclarından meyvə yığacağam".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə soydaşımızın yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Paşinyan Minsklə əlaqələr haqqında: "Hazırda münasibətlərimiz qeyri-aktivdir"
Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Belarus münasibətlərinin hazırkı vəziyyətini "qeyri-aktiv" kimi xarakterizə edib. Oxu.Az-ın TASS-a istinadla ver...