Qərbi Azərbaycan Xronikası: "Paşinyanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi "yol xəritəsi"nin hədəfi nədir?"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın "ermənilərin yenidən Qarabağa qayıdışı, köçürülməsini Qərbi Azərbaycana qayıdış məsələsi ilə eyniləşdirməsindən bəhs olunur.
Bildirilir ki, erməni baş nazir Almaniyaya səfəri zamanı Hamburqda jurnalistlərlə görüşündə bəyan edib ki, bir tərəfdə Qərbi Azərbaycana qayıdış, digər tərəfdə Qarabağa qayıdış məsələsi var: "Təklif edirəm ki, bu iki mövzunu paralel şəkildə aradan qaldırmaq üçün birgə "yol xəritəsi" hazırlayaq, çünki qayıdış mövzusu münaqişə vəziyyətini uzunmüddətli olaraq aradan qaldırmaq deməkdir".
Qeyd olunur ki, Paşinyan Azərbaycanı "ermənilərin Qarabağa qayıdışını" gündəmə gətirə biləcəyi ilə şantaj edir və bu şantajla rəsmi Bakını Qərbi Azərbaycana qayıdış strategiyasından imtinaya məcbur edəcəyini düşünür: "Halbuki, nə praktiki olaraq, nə də beynəlxalq hüquq müstəvisində "ermənilərin Qarabağa qayıdışı" iddiası ilə Qərbi Azərbaycana qayıdış məsələsi eyniləşdirilə bilməz. Rəsmi İrəvan da anlayır ki, nə praktiki, nə hüquqi müstəvidə "ermənilərin Qarabağa qayıdışı" iddiası Qərbi Azərbaycana qayıdışla eyniləşdirilə bilməz. Azərbaycanlıların öz yurdlarına qayıdışı həm mövcud reallığın, həm də beynəlxalq hüququn tələbidir və Ermənistan bundan qaça bilməyəcək".
Ermənistanda hesab edirlər ki, Paşinyanın bu çıxışı Qərbi Azərbaycana qayıdış məsələsinin reallığa söykəndiyinin etiraf edilməsidir.
Keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Paşinyanın son təşəbbüsləri faktiki olaraq, Azərbaycanın iddialarını və tələblərini qanuniləşdirmək şəraiti yaradır.
"Verelq" saytı yazır ki, Nikol Paşinyanın İlham Əliyevlə təklif etdiyi mübadilə, yəni "ermənilər Qarabağa gəlmir, Qərbi azərbaycanlılar da Ermənistana və ya əksinə, "hamı hamıya gəlir" prinsipinin məqsədi var.
"Yerevantoday" saytının redaktoru Sevak Hakobyan isə hesab edir ki, Ermənistanda azərbaycanlıları qarşılamağa hazır olmalıdırlar və Nikolun çıxışlarının arxasında həmişə gizli məqsədlər olub.
Sonda vurğulanır ki, erməni ekspertlərin fikirləri və medianın yazdıqları Ermənistanda azərbaycanlıların qayıdışının real olduğunu təsdiqləyir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220...